Rahil Sayadoğlu

Köşə yazarı

17:22 20 Fevral 2024 6267
A- A+

O qıza hansı cəza verilsin?

Deyir, istənilən şəxsi səbəbsiz həbs etsən, yaxud cəzalandırsan, özü-özlüyündə düşünüb buna təxmini bir səbəb tapacaq.

Səhvsiz insan olmur. Hər kəs keçmiş və ya indiki zamanda hansısa irili-xırdalı səhvlərə yol verib.

Amma bütün səhvlərin cəzası həbsdirmi? Və ya bütün səhvlərə görə cəza mütləqdirmi?

11-ci sinif şagirdinin özündən yaşda kiçik həmcinsinə qarşı nalayiq hərəkətləri müzakirə olunur.

Yenə cəmiyyət iki yerə bölünüb. Müəllim-məktəb tandemini baltalayanlar və günahı ailədə, valideynlərdə görənlər.

Bu əlbəttə ki, ölkədə baş verən ilk belə hadisə deyil. Əvvəllər də olub, olur, təəssüf ki, bundan sonra da olacaq. Ortaya sual çıxır: daha əvvəl baş verənlərdən sonra hansı tədbirlər görüldü?

Hər kəsə aydındır ki, ölkədə müxtəlif formalarda cəzasızlıq mühiti hökm sürür. Daha doğrusu, cəzadan yayınma halları. Bir müddət əvvəl baş verən dəhşətli ailə qətliamında bunun şahidi olduq. Lazım olanda “dəlilik” kağızı ilə məsuliyyətdən azad edilən, lazım olmayanda “ağıllı” kimi cəmiyyətə qaytarılan Əhməd vaxtında və qanunlar çərçivəsində cəzalandırılsa, yaxud müalicə olunsa idi, bəlkə də həmin faciə baş verməzdi.

Bir hadisə baş veribsə, təbii ki, məsuliyyət daşıyanlar sorğulanmalıdır. Konkret olaraq bu hadisədən yola çıxırıqsa, burada məsuliyyəti kim daşıyır? İlk növbədə valideynlər. Yəqin ki, bunun mübahisəsi yoxdur.

Uşaqlıqdan bizə belə öyrədiblər ki, məktəb təlim-tərbiyə mərkəzidir. Əslində isə elə deyil. Təlim məktəbdə verilir, tərbiyə isə evdə. Məktəbin tərbiyə vermək kimi bir öhdəliyi yoxdur, olmamalıdır. Məktəbdə maksimum uşaqların davranışları cilalana bilər.

Amma nə görürük? Bir şagirdlə bağlı neqativ nəsə baş verirsə, əksəriyyət başlayır eyni sualları təkrarlamağa: “Məktəb hara baxırdı? Müəllim hara baxır?”

Müəllim ailəsinə sahib olan biri kimi deyirəm, müəllimlər bəzi şagirdlərin (oxu: valideynlərin) misli görünməmiş aqressivliyinə baxıb dəhşətə gəlir.

Bəlkə də müəllimləri adlarına layiq olmayan müəyyən proseslərə cəlb etdikcə, bu şərəfli adı ləkələdik. Bu peşənin ağırlığını məhv etdik. Bilmirəm.

Amma bəzi valideynlər də tərbiyə qıtlığı ilə böyütdüyü uşaqları cəmiyyətə buraxaraq, ümidlərimizi məhv edir. Tərbiyə yeganə nemətdir ki, gərək qənəat etməyəsən, bol-bol istifadə edəsən.

İnanın, ölkədə müəllimlər kimi, valideynlərin də attestasiya imtahanı keçirilsə, əmin olun, xeyli uşaq valideynsiz qalar.

Burada məşhur deyimi xatırlayıram: pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq var.

Bunları yaza-yaza daha bir təklif gəlir ağlıma: Yaşı 18-dən az olan uşaqların cinayət tərkibli əməllərinə görə valideynləri (də) cəzalandırılsın.

Bir valideyn olaraq buna etiraz etmirəm.

Yaxşı indi çıxış yolu nədir? O qıza hansı cəza verilməlidir? Bu sualı sosial medianın ixtiyarına buraxanda, çox amansız cavablar alırıq. Biri yazır ki, “saçını keçəl edib zindana salaq”, biri deyir ki, “valideyninin başında yumurta sındıraq” və s.

Bəs əslində o qızın ədalətli cəzası nədir? Qanunlarda boşluq varmı? Yoxsa boşluq uşaqlara verilən tərbiyədədir? Suallar çox, cavabları ondan da çox..

Mən isə bu mövzuda dəqiq bildiyim iki prinsipə sonuna qədər sadiqəm:

Heç bir neqativ əməl cəzasız qalmamalıdır.
Amma cəza da əməl sahibini daha dəhşətli şəxsə çevirməməlidir.

Rahil Sayadoğlu, xüsusi olaraq Metbuat.az üçün.

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI