Avropada "antisemitizm" İsraili demoqrafik problemlərdən xilas etmək cəhdidir

Avropada "antisemitizm" İsraili demoqrafik problemlərdən xilas etmək cəhdidir
21:27 12 Yanvar 2015
172 Dünya
Ölkə mətbuatı
A- A+

50-dən artıq dövlət başçısının terror aktı qurbanlarının xatirəsinə keçirilən Paris yürüşündə iştirakı bir daha sübut edir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, dünya terroru lənətləyir.

Parisdə terror aktına qarşı etiraz aksiyasında 3,7 milyondan çox insan iştirak edib. Bundan başqa, ABŞ, Fələstin, Avstraliya, İsrail və Mərakeş kimi bir sıra ölkələrdə də 1,5 milyondan artıq insanın iştirakı ilə terrorizmi pisləyən aksiyalar keçirilib.

Gözlənildiyi kimi, Fransaya dəstəklə yanaşı, keçirilən aksiyalarda bir sıra dövlət başçılarının iştirakı sırf siyasi xarakter daşıyırdı. Misal kimi Türkiyənin Baş naziri Əhməd Davudoğlunun bəyanatını göstərmək olar. Bəyanatda bildirilir ki, əgər Türkiyə Avropa İttifaqına daxil olsaydı, Avropada dinlərarası nifrət olmayacaqdı.

İsrailin Baş naziri Benyamin Netanyahunun isə fransalı yəhudilərə Parisdəki yəhudilərə məxsus mağazada törədilən terror aktından sonra İsrailə mühacirət etməklə bağlı çağırışı da az əhəmiyyətli bəyanat deyil.

B.Netanyahunun bu bəyanatından sonra Avropa Yəhudi Assosiasiyasının ravvini Menahem Marqolin yəhudi dövlətinin başçısını tənqid edib. Ravvinin sözlərinə görə, Avropada hər antisemit hücumlardan sonra İsrail hökuməti yəhudilərin təhlükəsizliyini təmin etmək əvəzinə bu cür bəyanatlarla çıxış edir: "Hər belə bəyanat İsraili ciddi şəkildə zəiflədir və harada olmalarından asılı olmayaraq, təhlükəsiz yaşamaq hüququna malik yəhudi cəmiyyətlərinə ziyan vurur".

M.Marqolin onu da bildirib ki, hər şeydən göründüyü kimi, yəhudilərin Avropa diasporu İsrail üçün xüsusi prioritet deyil.

Əslində, İsrailin öz vətəndaşlarını qorumaq imkanları və təcrübəsi nəzərə alınarsa, B.Netanyahunun bəyanatının Avropadakı yəhudi vətəndaşlarının qorunmasına yönəldiyinə inanmaq çətindir.

Bəs Baş nazirin bəyanatı arxasında nə gizlənir?

İsrailin rəsmi şəxslərinin və ABŞ dövlət katibi Con Kerrinin ötənilki bəyanatları buna cavab ola bilər.

Dövlət katibi C.Kerri öz bəyanatında demişdi ki, İsrailin demoqrafik dinamikası “onun mövcudluğunu təhdid altında qoyur... Bu səbəbdən də ölkə demokratik yəhudi dövləti kimi öz gələcəyini təmin edə bilməyəcək”.

Əslində, İsrailin bugünkü vəziyyətinə nəzər salsaq görərik ki, məhz demoqrafik məsələ yəhudi dövlətinin əsas problemlərindən biridir. Belə ki, İsrail və Fələstindəki ərəb ailələrində doğum səviyyəsi yəhudi ailələrində olduğundan xeyli çoxdur.

Hazırda İsrail hakimiyyəti ərəb əhali arasında yüksək doğum səviyyəsini inkar etsə də, bu fakt maksimum 20 ildən sonra İsrailin Yaxın Şərqdə ərəb əhalinin sayının çox olduğu ölkələrdən biri olacağını söyləməyə əsas verir ki, bu da İsrailin maraqlarına ziddir.

Bu mənada İsrail hazırda vətəndaşlarının sayını başqa ölkələrdən mühacirlərin hesabına artırmaqda maraqlıdır.

Ötən il yəhudilərin miqrasiyası 10 illik maksimuma çatdı: daimi yaşamaq üçün İsrailə 26,5 min nəfər köçdü. Tarixdə ilk dəfə köçənlərin siyahısında Fransa liderlik edir; oradan təxminən 7 min yəhudi köçüb, yəni 2013-cü ildəkindən təxminən 2 dəfə çox.

Lakin B.Netanyahunun Fransa yəhudilərinə çağırışına baxmayaraq, bu, yəhudi dövlətinə miqrantların axınına səbəb olmayacaq. Ən azından ona görə ki, Avropadakı yəhudi əhalinin təhlükəsizliyi son vaxtlar yəhudilərlə ərəb əhali arasında gərginliyin artdığı İsraildəkindən yüksəkdir.

Rufiz Hafizoğlu,
Trend, Ərəb xəbərlər xidmətinin rəhbəri


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR