Azərbaycan ABŞ-dan vaz keçdi?

Azərbaycan ABŞ-dan vaz keçdi?
22:03 12 Yanvar 2015
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Məftun Salmanov - Trend:

Hazırda dünyada hər hansı bir ölkəyə təzyiq vasitəsi kimi əsasən media orqanları, qeyri-hökumət təşkilatları və müxalif partiyalardan istifadə edilir. Artıq hər hansı ölkəni öz iradənə tabe etmək üçün hərbi işğal variantı o qədər də dəbdə deyil. Ən yaxşısı ölkəni içəridən parçalamaq, xaos yaratmaqla əlaltıları hakimiyyətə gətirməkdir.

Azərbaycana qarşı da belə təzyiq vasitələrinə əl atılır. Sadalanan strukturlara qarşı qanunvericiliyə uyğun olaraq cinayət işi açan ölkə antidemokrat olur. Başqa sözlə, bunu etmədikdə əlaltı, etdikdə isə müstəqil ölkə olursan. Necə deyərlər, seçim sənindir. Azərbaycan ağır, lakin şərəfli olan ikinci yolu seçib. Bu, bir növ "minalanmış yol"a bənzəyir. Bakı "minalar"ı kimin qoyduğunu və harada olduğunu yaxşı bilir.

"Azərbaycana bu qədər təzyiq nəyə görədir" sualının cavabını burada axtarmaq lazımdır. Azərbaycan təkcə xalqın iradəsinə əsaslanmış müstəqil siyasət yürütmür, o, həm də artıq regional güc mərkəzidir. Təzyiq küləyinin daha çox okeanın o tayından əsdiyi bildirilir. Buna görə də ABŞ-ın "Sülh korpusu"nun bu ildən Azərbaycanı tərk etməsi, "Azadlıq" radiosunun Bakı ofisinin qapısının möhürlənməsi fonunda Vaşinqton-Bakı münasibətlərinin gərginləşdiyi və siyasi kursunun dəyişdiyi iddia edilir.

Əsassız olan bu iddialar Azərbaycanın müstəqil siyasəti ilə uzlaşmır. Balanslaşdırılmış, milli maraqlara əsaslanmış müstəqil siyasət yürüdən Bakı ölkənin taleyini heç bir güc mərkəzinə həvalə etmir və gələcəyini özü müəyyənləşdirir. Azərbaycanın beynəlxalq ictimaiyyətdən istədiyi yeganə şey ədalətdir, ikili standartlara son qoyulmasıdır, ölkənin milli iradəsinə hörmətlə yanaşılmasıdır. Rəsmi Bakı təzyiq dilini qəbul etmir, çünki özü bu dildə danışmır.

Təzyiqi ədalət pozulanda, haqsızlıq yarananda etmək olar. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindəki kimi. Buyurun, təzyiqinizi edin! Düzü, Rusiyanın forpostu olan və ABŞ və Avropadakı erməni diasporunun dediyi ilə oturub-duran Yerevana təzyiq də gülməli görünür. Bu, özünün özünə təzyiqinə bənzəyir. Müstəqil siyasət yeritməyən Ermənistanın özü Azərbaycan və Türkiyəyə təzyiq vasitəsi kimi yaradılmış oyuncaq dövlətdir.

Bakının müstəqil siyasəti sağlam əsaslara - bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq - dayandığından ona qarşı istənilən təzyiq vasitəsi uğursuzluğa düçardır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2352252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR