Benzinin qiyməti artdı

Benzinin qiyməti artdı
23:06 12 Yanvar 2015
187 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda benzinin qiyməti qalxıb.

Tarif Şurasından ANS PRESS-ə verilən məlumata görə, 12 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılıb.

Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yarasız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.

Yol vergisinin yanacağın qiymətinə daxil edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur.
Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilmiş və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Qərar 13 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcəkdir. Qərarın tam mətni Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=319251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR