Azərbaycanda mənzillər ucuzlaşacaq

Azərbaycanda mənzillər ucuzlaşacaq
00:27 13 Yanvar 2015
262 Sosial
Ölkə mətbuatı
A- A+

Bu ilin ilk yarısında Azərbaycanda mənzillərin qiyməti 9% aşağı düşəcək
Son dövrlər kütləvi informasiya vasitələrində müxtəlif tikinti şirkətlərinin reklamlarını tez-tez eşidirik. Həm internetdə və sosial mediada, həm də tele-radio şirkətlərində bu cür reklamlara tez-tez rast gəlinir. Şirkətlər öz məhsullarını təqdim edirlər. Halbuki, ötən ilə qədər KİV-lərdə mənzil, yeni tikililər barədə reklamlar nadir hallarda olurdu. Ölkədəki mənzil reklamının birdən-birə bu cür geniş vüsət alması nədən ola bilər? Tikinti şirkətlərinin müştəri azlığından əziyyət çəkməsi buna səbəb ola bilərmi?

Milli.Az-ın əməkdaşı yaranmış suallara cavabını öyrənmək üçün iqtisadçı eskpert Vüqar Bayramovla əlaqə saxlayıb.

Ekspertin sözlərinə görə, Azərbaycan mənzil bazarı üçün bu cür televiziya və radio reklamları spesifik deyil. Son dövlər ölkəmizin mənzil bazarında durğunluq müşahidə olunur. Bu səbəbdən də tikinti şirkətləri reklamlar sayəsində yeni müştərilər cəlb eləməyə çalışırlar.

"2014-cü ilin əvvəllərində "Sovetski" məhəlləsi sökülərkən kompensasiyalar verilən zaman mənzil bazarında qiymətlərin artacağı proqnozlaşdırılırdı. Fevral və mart ayında bir qədər artım da görüldü, lakin aprel ayından etibarən durğunluq müşahidə olundu ki, bu da qiymətlərin aşağı düşməsi ilə nəticələndi. Ötən ilin noyabr və dekabr aylarında durğunluq nəticəsində qiymətlər 4% aşağı düşdü. Bu gün də azalma müşahidə edilir. Bu azalma mənzilə olan tələbatın azalması ilə əlaqədardır".

Mənzil bazarında durğunluğun səbəbi haqda da söz açan ekspert bildirib ki, adətən dünya bazarında neftin qiyməti aşağı düşəndə neft ölkələrinin mənzil bazarlarında da durğunluq müşahidə olunur. Bundan əlavə Rusiyada iqtisadi vəziyyət, rublun dəyərinin düşməsi də Azərbaycanın mənzil bazarına təsirini göstərir. Çünki Rusiyada yaşayan azərbaycanlılar ölkəmizin mənzil bazarı ilə bağlı xüsusi bir tələb formalaşdırırlar. Onların göndərdikləri vəsaitlər Azərbaycandakı mənzil bazarına qoyulurdu. Hazırda Rusiya iqtisadiyyatının vəziyyəti ilə əlaqədar oradan ölkəmizə gələn vəsaitin də həcmi azalıb. Bu səbəbdən də Rusiyada yaşayan soydaşlarımızın Azərbaycanın mənzil bazarındakı rolunu azalıb.

Vüqar Bayramov onu da bildirib ki, durğunluğun növbəti aylarda da davam edəcəyi proqnozlaşdırılır.

"Rusiyaya qarşı sanksiyaların dayandırılması barədə qərar qəbul edilərsə və şimal qonşumuzun iqtisadiyyatı durğunluq vəziyyətindən çıxarsa, neftin dünya bazarındakı qiymətlərində stabilləşmə olarsa, Azərbaycanın mənzil bazarı da durğunluqdan çıxa bilər. Hələlik isə 2015-ci ilin birinci yarısında mənzil bazarında durğunluq proqnozlaşdırılır. Mənzil bazarında qiymətlər 9%-ə qədər ucuzlaşa bilər", - o əlavə edib.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR