Bu il 47-ci Beynəlxalq Kimya Olimpiadası Bakıda keçiriləcək

10:42 13 Yanvar 2015
193 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 10:40 ]


Bakı. Könül Kamilqızı – APA. Bu il 20-29 iyul tarixlərində Bakıda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən Azərbaycanda keçirilməsi nəzərdə tutulan olimpiadada dünyanın 80-ə yaxın ölkəsi iştirak edəcək. 47-ci Beynəlxalq Kimya Olimpiadasının yüksək səviyyədə keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib.

Qaydalara əsasən, olimpiadada çıxış edəcək milli komandaya namizədlərin seçilməsi məqsədi ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında kimya fənni üzrə seçim turları keçiriləcək. Seçim turlarına X-XI sinif şagirdləri cəlb ediləcək. Seçim turlarının yekun mərhələsinin qalibləri M.V.Lomonosov adına MDU-nun Bakı filialında təşkil olunacaq Beynəlxalq Kimya Olimpiadasına hazırlıq məşğələlərində iştirak edəcəklər.

Seçim turları rayon (şəhər), zona və respublika mərhələlərindən ibarətdir. Hər üç mərhələ üzrə suallar M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən hazırlanacaq.

 

Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. Sonuncu – 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.

 

Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/) istifadəyə verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368856

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR