Bakıda növbəti beynəlxalq olimpiada

Bakıda növbəti beynəlxalq olimpiada
11:51 13 Yanvar 2015
248 Sosial
Ölkə mətbuatı
A- A+

İyulun 20-29-u arası Bakıda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək.

ANS PRESS-in Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün Təhsil Nazirliyi müvafiq əmr imzalayıb. Çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiqlənib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.

Namizədlərin seçilməsi məqsədi ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında kimya fənni üzrə seçim turları keçiriləcək. Seçim turlarında X-XI sinif şagirdləri iştirak edəcək. Yekun mərhələnin qalibləri M.V.Lomonosov adına MDU-nun Bakı filialında təşkil olunacaq Beynəlxalq Kimya Olimpiadasına hazırlıq məşğələlərində iştirak edəcəklər.

Seçim turları rayon (şəhər), zona və respublika mərhələlərindən ibarətdir. Hər üç mərhələ üzrə sualları M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri hazırlayacaq. İlk seçim turu yanvarın 18-də olacaq. Bu mərhələdə şagirdlərə 30 sual veriləcək və cavablandırılması üçün 3 saat vaxt veriləcək. Suallar siniflər üzrə məktəb proqramına uyğun qapalı test formatında hazırlanacaq.

Zona mərhələsi Təşkilat Komitəsinin müəyyən edtdiyi mərkəzlərdə keçiriləcək. Mərkəzlər respublikanın müxtəlif bölgələrindəki ümumi təhsil müəssisələrində olacaq. Bu mərhələdə suallar nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün şagirdlərə 4 saat vaxt ayrılacaq.

Respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. Bunun üçün onlara 4 saat vaxt ayrılacaq.

Respublika mərhələsinin nəticələrinin imtahan başa çatdıqdan 5 gün sonra elan olunması nəzərdə tutulur. Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən ediləcək. Bundan başqa, 47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/) istifadəyə verilib.

Qeyd edək ki, Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. Sonuncu – 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=319374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR