ANS TV-nin məlumatına görə, Nepalda baş verən təbii fəlakət çoxsaylı dağıntılara səbəb olub. Onlarla insanın dağıntılar altında qaldığı məlumatı yayılıb. Xilasetmə əməliyyatları fasiləsiz olaraq davam etdirilir. Xilasedicilər ötən gün bir neçə nəfəri dağıntıların altından xilas etməyə nail olublar.
Zəlzələnin episentri paytaxt Katmandudan 80 kilometr şimal-qərbdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb. İlk güclü təkan ötən gün yerli vaxtla 11:41radələrində olub. İkinci daha zəif təkan isə yarım saat sonra müşahidə olunub.
Zəlzələ Nepalda son 80 ildə baş verən ən irimiqyaslı təbii fəlakət hesab olunur. Rəsmilər ölü sayının artacağını deyirlər. Zəlzələ zamanı ölkənin tarixi-mədəni mərkəzləri də dağılıb.
Təbii fəlakət fonunda dünya ölkələri Nepala humanitar yardım etməyə hazır olduqlarını açıqlayıblar. İlk olaraq İsrail Nepal rəhbərliyinə dəstəyini ifadə edib.
Məlumata görə, zəlzələ Everst zirvəsində də qar uçqununa səbəb olub. Nəticədə 8 nəfər ölüb. Nepalın dağlıq landşafta malik olması axtarış-xilasetmə əməliyyatlarına mane olub.
Rəsmilər bəzi bölgələrdən xəbər ala bilmirlər.
Mənbə
ANS-TV-Çinarə Vaqif