Nepalda baş vermiş və minlərlə insanın ölümü ilə nəticələnən dəhşətli zəlzələnin video görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, görüntüləri 4 günlük tur üçün Nepalda olan və ötən gün ölkəsinə qayıdan türkiyəli turist Sibel Yazıçı çəkib.

Yazıçı zəlzələ bölgəsində vəziyyətin ağır olduğunu və insanların yardım gözlədiyini bildirib:

“4 günlük tur üçün Nepala getmişdik və bu gün (dünən) qayıtmalı idik. Dünən axırıncı günümüz olduğundan məbədlər olan əraziyə gedərək burda şəkillər çəkmək istədim. Kafenin yuxarı mərtəbəsində idim və ordan aşağıya düşərkən şiddətli sarsıntı oldu. Bütün məbədlər uçurdu və orda ölənləri gördük. Yerlilərin heç nəyi yoxdur və onlar hazırda yerdə yatırlar. Gecələr çox soyuq olur. Şiddətli avtoşoklar olur və insanlar qorxudan qışqırışırlar. Orda insanlar yardım gözləyirlər”.

Xatırladaq ki, aprelin 25-də Nepalda 7.9 bal gücündə zəlzələ baş verib. Paytaxt Katmandu yaxınlığında baş verən 7,9 ballıq təkanlar zamanı ölənləri sayı artıq 2 mini ötüb. Zəlzələnin təsiri ilə onlarla bina dağılıb, təkanların təsiri ilə bəzi yollar iki hissəyə bölünüb.

Yerin 15 km dərinliyində olan zəlzələnin episentri Katmandudan 77 km şimal-qərbdə olub.
Zəlzələ Hindistan və Pakistanda da hiss edilib.



Mənbə
ANS PRESS