Zorlanmış və hamilə Barbi...

Zorlanmış və hamilə Barbi...
15:39 13 Yanvar 2015
454 Sosial
Ölkə mətbuatı
A- A+

Bir zamanlar uşaq idik. Qız uşaqlarına gözəl gəlinciklər bağışlananda, sevinclərinin həddi-hüdudu olmazdı. Mənim də bir gəlinciyim vardı. Doğum günündə almışdı anam. Sevə-sevə saxlayırdım. Yaşıdım qızlar kimi mən də arzu, xəyal və istəyimi o gəlinciyə görə qururdum...

Xüsusi geyindirilmiş, bəzədilmiş olurdu gəlinciklər. Üzləri çox gözəl idi. İndi çoxlarında həsrətlə axtardığımız bir işıq da olardı üzlərində. Gülümsəyərdilər bizə. Göz quruluşları qəribə idi. Adama ümid verə bilirdi, nədənsə kədərlənib, küsəndə. Bayaq yaşıdım olan qızlar dedim, amma məncə, elə yaşıdım olmayanlar da uşaqlıqda gəlinciklərinə ümidlərinə qısılırmış kimi, qısılıb yatıblar. O gəlincik bizim evdə mən ali məktəbdə oxuyanda da var idi. Tətillərdə evimizə gedəndə onu qucaqlayardım. Diqqətlə baxardım. Donmuş gülüşündə, gözəl gözlərində, artıq dəbdən düşmüş gəlincik geyimində, saç düzümündə o qədər xatirələrim, uşaqlığım gizlənirdi ki... Onu qucaqlayanda elə bilirdim uşaqlığımı bağrıma basıb qoxulayıram...

Gəlinciyim saflıq, təmizlik simvolu idi. Belə böyüdüm mən. Düşünürdüm ki, həyatda hər şey elə o gəlinciklə mənə təqdim olunan kimidir. Amma deyilmiş...

Qaldı saflıq, təmizlik və sair bu kimi vacib keyfiyyətlərə, bunu artıq gəlinciklər bizə öyrədən qədər yox, hamı bacardığı kimi, lazım bildiyi qədər saxladı özündə. Qalanını itirtdik. Harada? Necə? Niyə? Adam özü də anlaya bilmir.

İndi gəlinciyim yoxdur. Nə evimdə, nə də satışda ona bənzərini görmürəm. Biz adına gəlincik dediyimizi indi Barbi edib üstümüzə göndəriblər. Gözəl, yaraşıqlıdır Barbilər. Bizə görə elə gəlincikdirlər əslində. Uşaq ruhuna hesablanıb düşünürük. Düzdü, daha çılğın, daha emosional və daha lovğadır bir az. Bizim deyillər çünki. Amerikalı təfəkkürü, amerikalı ruhunun kəşfidirlər onlar. Hər şeyə iddialı bir mühitin düşüncəsinin məhsuludur barbilər. Amma yenə də uşağa hesablanıbsa, həm də gəlincikdir demək. Avropa ölkələrinin bir çoxunda, hətta Amerikanın bəzi ştatlarında uşaqların onlarla oynamasına qadağaların tətbiq edildiyinə dair məlumatlar da var. Amma faydası yoxdur. Baxmayaraq ki, Barbinin müəllifləri artıq onu “atıblar”, amma hələ də gündəmdədir. Bir də üzü üstə atılıq damğası vurulanı da mənimsəyəcək adamlar tapılır həmişə. Ovundan yeyib doymuş şirin qidasının qalıqlarına qarğa-quzğunun darışması kimi bir şeydir bu. Dəqiq demək çətindir. Amma hələlik bu məsələ, yəni barbilərin mənimsənilməsi işi Çinin boynundadır. Çünki Azərbaycana daha çox bu ölkədən müxtəlif oyuncaqlar gətirildiyini artıq ölkənin rəsmi mənbələri də təsdiqləyib müxtəlif məlumatlarda.

Gəlincik “işıqlı” uşaq olmağı, saflığı, mehribanlığı, həmişə güzəştə getməyi, sakit olmağı öyrədirdi bizlərə ötən illərdə. Barbi haqqını yedirtməməyi, mübariz olmağı, özünü düşünməyi, gözəlliyinin qeydinə qalmağı təlqin edir. İkisi də qadın keyfiyyətlərini aşılayır dolayısıyla. Amma birində, bizim gəlincikdə həm də insanlıq keyfiyyətləri aşılanır, Barbidə bu duyulmur...

Bayaq qeyd elədim ki, indi başqa istehsalçıların “zoruna” məruz qalıb barbilər. Hətta ataları bəlli olmayan “hamiləlik” də yaşadır onlara yeni “valideynləri”...

Bu günlərdə qızlarıma hədiyyə barbilər aldıq. Görünüşdən sadəcə gəlincikdir deyə düşündük. Bir də gördüm, qızım Barbini əlində gətirib ki, “ana, Barbinin qarnından bəbəş Barbi çıxdı. Ta mən bunu istəmirəm”. Niyəsini soruşdum, susdu. Dedim eybi yoxdur qızım, o da sənin Barbinin qızıdır, necə ki, sən mənim qızımsan. Bu dəfə də uşaq məndən soruşdu ki, mənim atam var, bəs görəsən bəbəş Barbinin atası hanı? Yenə xeyli fikirləşəndən sonra dedim ki, bilmirəm. Amma əsas odur ki, onun balaca qızı var. Qızım mənə qayıtdı ki, uşaqların hamısının atası olur. Yoxdursa deməli ölüb. Ya da mağazada qalıb ata Barbi. Bu sözü ilk dəfə qızımdan eşitdim, “ata Barbi”... Və uşaq israr elədi ki, gedək ata Barbini alaq gətirək, bala Barbi atasiz olmasın.
Təbii ki, getmədik. Sadəcə izah elədik ki, atası iş dalıyca başqa ölkəyə gedib, qayıtsın mütləq gələcək yanlarına. Və nə illah elədiksə, qızım bu anormal və natamam Barbi ailəsini qəbul eləmədi ki, eləmədi...

Barbini almağımıza “itdən peşman” olduq, bu dəqiqdir. Amma bir də onu düşündük ki, atası bəlli olmayan bu “hamilə” Barbiləri satış yerlərinə kimlər gətirir? Bunu bilərəkdənmi edirlər? Yox əgər, bilərəkdən etmirlərsə, bəs görəsən başları nəyə dəysə elədiklərinin fərqinə varacaqlar?
Sual çoxdur. Amma cavab verəcək ünvanların əksəriyyəti susur. Guya heç nə baş vermir.
Əslində heç onları qınamıram da. Bizim, hamımızın, məmurlu, vətəndaşlı üzümüz də, qulaqlarımız da öyrəşib. Artıq lap uzaqlarda olsa da böyük-böyük şəhərlərdə zorlanan qız uşaqlarını görməyə vərdiş eləmişik. Bunu balaca bir gəlinciyin üzərində tətbiq edirlərsə, qoy etsinlər, noolacaq ki?! Olsa,  həyatın bir gəlincik üzərindən məşqindən başqa bir şey deyil bu. Yəni gəlincikdir də canlı deyil ki!..

Amma hər şey, bütün cansız dediyimiz əşyalara belə insana, yəni canlılara hesablanıb. Bax, bunu unutmaq olmaz. Bu həm də azyaşlı qız uşaqlarına qadınlığı anlatmaqdır. Özü də bunu bu qədər erkən və bayağı formada öyrətmək çox pis haldır! Pisdən də, pisdir... Lap belə insanlıqdan kənardır. Hə deyəsən, sonuncu bir az, o söz oldu. Kəsəsi, gəlinciklər, lap Barbi formasında bizə sırınsa da, elə gəlincikdir. Bütün gəlinciklər qız uşaqlarının ruhudur. Zorlanmış gəlincikləri uşaqlara hədiyyə kimi satmaqsa, uşaqların ruhunu zorlamaqdır. Qarnında bala daşıyan gəlinciklər satıb zorlamayın uşaqların ruhunu...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR