"ANS yenə hamını qabaqladı!"

"ANS yenə hamını qabaqladı!"
16:46 13 Yanvar 2015
213 Ölkə
Ölkə mətbuatı
A- A+

ANS PRESS 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı “20 Yanvar” Cəmiyyətinin sədri Soltan Əzimzadə ilə söhbətləşib. Müsahibəni təqdim edirik:

- Soltan bəy, 20 Yanvar faciəsinin 25-ci ildönümünə sayılı günlər qalıb. Azərbaycan xalqı əslində heç bir zaman unuda bilməyəcəyi faciəni növbəti dəfə xatırlayacaq...
- Bəli, xalq bu faciəni unutmayıb. Yanvarın 20-nə hələ bir həftə qalmasına baxmayaraq ziyarətçilər artıq Şəhidlər Xiyabanına axın – axın gəlib, faciənin şəhidlərini yad edilər. Bu da onu göstərir ki, xalqımız öz müstəqilliyi uğrunda ölənləri hər zaman yad edir. Biz bu müstəqilliyi asan əldə etməmişik. Bunu unutmaq əlbəttəki, olmaz! Bu da dövlətimizin azadlığına, müstəqilliyinə və gələcəyinə olan sevgi və hörmətdən irəli gəlir.

- "20 Yanvar" cəmiyyəti olaraq hansı tədbirləri həyata keçirməyi nəzərdə tutmusuz?
- Artıq bütün dövlət müəissələrində, məktəblərdə tədbirlər keçirilir. Cəmiyyət olaraq bizə çoxlu təkliflər və dəvətlər gəlib. Şəhid ailələri və cəmiyyətin üzvləri olaraq imkan daxilində bu tədbirlərdə iştirak edirik. 25 il keçməsinə baxmayaraq xalqımızın şəhidlərə göstərdiyi bu məhəbbət və hörmət “20 Yanvar” cəmiyyəti olaraq bizi çox sevindirir. Sizin vasitənizlə Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm.

- Tədbirlərə dəvət aldığınızı qeyd etdiz. Yəqin ki, 19 yanvarda baş tutacaq “Qanlı Yanvar” filminin premyerasına da dəvətlisiz?
- Bəli, “20 Yanvar” cəmiyyətinə dəvətnamələr göndərilib. Sözsüz ki, əlillər və şəhid ailələri həmin premyerada iştirak edəcək. Rejissor Vahid Mustafayevin “Xoca” filmindən sonra bu faciəni ekranlaşdırmasını qanunauyğunluq hesab edirəm.

- Demək istəyirsiz ki, ən çox onun haqqı çatır bu filmi çəkməyə?
- Əlbəttə, ən çox onun haqqı çatır. Rəhmətlik Çingiz Mustafayevin Vətənə göstərdiyi xidmət və bu gün Vahid Mustafayevin gördüyü işlər, dediyim kimi, qanunauyğunluqdur. Elə Vahid Mustafayevin özü də bu hadisələrin içində olub. Amma hesab edirəm ki, bu film bir neçə il öncə çəkilsəydi daha yaxşı olardı. Görünür ANS-in imkanlarının məhdudluğu və ya hər hansı bir problemlərlər bu filmin gecikməsinə səbəb oldu.

- Gecikdi deyirsiz və sizinlə razıyam. Bəs “20 Yanvar” cəmiyyəti bu 25 ildə bu faciənin ekranlaşdırılması və ya hansısa sənədli filmin çəkilməsi ilə bağlı hansısa təklif etmişdimi?

- Əslində film təklifi olmamışdı, sadəcə əlimizdə olan sənədli kadrları müəyyən dövlət orqanlarına, bizə müraciət edən Azərbaycanın başqa ölkələrdə olan səfirliklərinə təqdim etməklə kifayətlənmişik. Amma faciənin bədiiləşmiş formada ekranlara gətirilməsi ayrı şeydir. Bu film çəkilməli idi və bunu Vahid Mustafayev etdi. ANS həmişə olduğu kimi bu dəfə də hamını qabaqladı. “Qanlı Yanvar” gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynayacaq. Filmi hələ izləməsəm də, əminəm ki, Vahid Mustafayevin çəkdiyi film Azərbaycana böyük töhfə olacaq. Boş-boş proqramlardansa Vətənə, millətə, dövlətə məhəbbət aşılayan verilişlər və filmlər bizə çox lazımdır.

- Konkret hansı proqramları nəzərdə tutursuz?
- Çoxunu izləmədiyim üçün konkret ad çəkə bilməyəcəm. Bu gün televiziyaların böyük əksəriyyəti reytinq xatirinə bayağı şou verilişlərə üstünlük verir. Mənim üçün bir “Xoca” filmi milyonlarla elə verilişlərdən üstündür. Demək istəyirəm ki, istər 20 Yanvar hadisələri olsun, istər Qarabağ müharibəsi, bu mövzularda çəkilən filmlər bizə çox lazımdır. Qarabağda təkcə Xocalı faciəsi törədilməyib, eyni zamanda Qarakənd faciəsi törədilib. Başqa kəndlərdə də faciələrimiz olub. Biz istəyərdik ki, hörmətli Vahid Mustafayev imkan daxilində bu faciələri də ekranlaşdırsın.

- Vahid Mustafayev tək başına bu qədər yükün altına girə bilməz axı...
- Başa düşürəm nəyi deyirsiz. Ən böyük arzumuz budur ki, bu cür filmlərin ərsəyə gəlməsində, Azərbaycan tarixinin konkret faktlarının yaddaşlara həkk olunmasında, faciələrimizin unudulmamasında dövlətimiz tərəfindən ANS telekanalına yardım göstərilsin.

- “Qanlı Yanvar” və “Xoca” gələcək nəsilə faciələrimizdən miras qalsa da, millətin mübarizliyini özündə əks etdirir. Sizcə gələcək nəsil yalnız başımıza gətirilən faciələrdən dərs almalıdır?
- İnsan başına gətirilən faciələrlə güclənir, möhkəmlənir. Əlbəttə ki, millətimizi fağır, düşmənin qarşısına boş əllə çıxan kor-koranə toplum kimi tarixə salmaqla kifayətlənməməliyik. Azərbaycan xalqı döyüşdən qorxmayan, məğrur, döyüşkən, qorxmaz və yaşamağa haqqı olan bir xalqdır. Bu filmlər gələcək nəsilə bunu deyəcək. Bizim yaşıdlarımız və bizdən bir qədər böyük və ya kiçik olanlar bu hadisələri öz gözləri ilə görüblər. Lakin bugünki gənclik nə baş verdiyini kitablardan, internetdən oxusalar da , televiziyadan müəyyən kadrlardan görsələrdə bu faciələrlə bağlı dolğun təəssüratları yoxdu. Bu film 1990-cə ilin yanvarın 20-də Azərbaycan xalqının Rusiya imperiyası tərəfindən vəhşicəsinə qətlə yetirilməsini, torpaqlarımızın işğal olunmasını gələcək nəslin yaddaşına həkk edəcək. Hər iki filmi ANS ərsəyə gətirdi. Mən “20 Yanvar” cəmiyyəti olaraq əlil və şəhid ailələri adından filmin ərsəyə gəlməsində zəhməti olan bütün komandaya, xüsusilə Vahid Mustafayevə təşəkkürümü bildirirəm.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR