Taksi də bahalaşdı. Bundan sonra nə olacaq?

Taksi də bahalaşdı. Bundan sonra nə olacaq?
18:05 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Nazirlik süni qiymət artımı ilə mübarizəni gücləndirməlidir
Azərbaycanda benzinin qiymətinin 70 qəpikdən 72-yə qalxması hər kəsdə bir sual yaradıb.

Bundan sonra nələr baş verəcək? Qiymət dəyişikliyi ilk olaraq hansı sahədə özünü göstərəcək və ardıcıllıq necə davam edəcək? Bir sözlə, Tarif Şurasının bu qərarı  Azərbaycan insanının həyatında özünü necə göstərəcək?

Bir qərarın doğurduğu çoxsaylı suallara cavab almaq üçün üz tutduğumuz iqtisadçı-ekspert Vüqar Bayramov Milli.Az-a dedi ki, digər sahələrdə də qiymətlərin qalxma ehitmalı çox böyükdür.

Ekspert hesab edir ki, benzinin qiymətinin qalxması digər məhsulların istehlak bazarına həm iqisadi, həm də psixoloji təsir göstərir.

"İstehlak bazarına benzinin qiymətinin qalxmasının iqtisadi təsiri ondan ibarətdir ki, qiymət artımları daşınmada, o cümlədən nəqliyyatda qiymətlərin artmasına gətirib çıxaracaq. Aqrar sektorda dizelin qiyməti artdığı üçün bu sahədə istehsal olunan məhsulların qiymətinlərində artımla müşahidə olunacaq. Çünki aqrar sektorda dizel yanacağından istifadə olunur və xərc artır. Nəqliyyat və daşıma xərclərində artım müşahidə olunur ki, bu da birmənalı şəkildə iqtisadi baxımdan istehlak bazarına çıxarılan məhsulların xərcini artırır.

Yanacağın qiymətinin artmasının psixoloji təsirindən danışan ekspert vurğuladı ki, bir çox iş adamları benzinin qiymətinin artmasından istifadə edirlər və süni qiymət artımlarına yol verirlər.

"Benzinin qiymətinin 2 qəpik artmasına baxmayaraq, bu artımın nəqliyyatda süni şəkildə artıma yol açacağı qaçılmazdır. Əsasən, taksidə və bu kimi bir sıra nəqliyyat vasitələrində qiymət artımı müşahidə olunacaq. Bu gün bizim apardığımız monitorinqlər onu göstərir ki, artıq taksi qiymətlərində müəyyən artımlar var. Şəhərdaxili taksi xidmətlərində qiymət artımları var. Taksi sürücüləri də bunu benzinin qiymətinin qalxması ilə əlaqələndirirlər".

Ərzaq məhsullarının qiymətləri ilə bağlı ekspert əlavə etdi ki, burada da qiymət artımı istisna edilmir.

Süni qiymət artımlarının qarşısını almaq üçün V.Bayramov bunlarla bağlı müəyyən edilmiş cəza növlərinin mövcudluğunu xatırlatdı.

"Benzinin qiymətinin qalxması süni şəkildə digər məhsulların qiymətinin qaldırılmasına gətirib çıxarmamalıdır. Ona görə də, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımı ilə mübarizəni gücləndirməlidir. Eyni zamanda biz təklif edirik ki, süni qiymət artımının qarşısını almaq üçün süni bahalaşmalara gedən sahibkarların cəzası ağırlaşdırılmalıdır. O cümlədən həmin şəxslərin biznesinin bağlanması kimi cəzalar verilməlidir. Əgər onlara qarşı cəzalar tətbiq olunsa, iş adamları da süni qiymət artımlarına getməyəcəklər". - deyə ekspert bildirdi.

Elşən İmanov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/318878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR