Daşkənddə Azərbaycan abidələrinin fotosərgisi keçirilib

Daşkənddə Azərbaycan abidələrinin fotosərgisi keçirilib
22:53 28 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Daşkənd, 28 aprel, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ) təşəbbüsü ilə Daşkənddə “Könlüm keçir Qarabağdan”adlı Azərbaycan abidələrinin fotosərgisi keçirilib.
Tədbirdə səfirliyimizin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, alimlər, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Salonda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti Ilə bağlı kitablar, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı haqqında nəşrlər göstərilib.
Sərgidə Qarabağ xalçaları, bu torpaqdakı abidələrin və tarixi şəxsiyyətlərin fotoşəkilləri, Şuşa məsçidi, Gəncəsar məbədi, Şuşa qalası və Qarabağdakı digər abidələrin, həmçinin Bakıdakı Qız qalası, Atəşgah, Hökumət evi, Naxşıvandakı Möminə Xatun türbəsi, Şəki Xan sarayının maketləri, Qarabağa aid kişi və qadın paltarları geyindirilmiş kuklalar nümayiş etdirilib.
Səfirliyin birinci katibi, AMM-nin direktoru Samir Abbasov Qarabağın tarixi, bu torpağın dünya əhəmiyyətli tarixi abidələri haqqında məlumat verib. O, Şuşanın tanınmış şəxsiyyətləri, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, Seyid Şuşinski, Xan Şuşinski, Natəvan, Bülbül, Süleyman Ələsgərov və digər tanınmış şəxslər haqqında da söhbət açıb.
ADRQ-nın direktoru Elnur Hüseynov, Almaniyanın Berlin şəhərindəki “Azərbaycan Evi”nin əməkdaşı Yeganə Azadova və başqaları əməkdaşlığın genişləndirilməsinin, belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd ediblər.
Sonra “Şuşa” sənədli filmi nümayiş etdirilib, AMM-nin “Azərbaycan qızları” uşaq rəqs ansamblınbın üzvləri milli rəqslərimizi, Rəna Əzizova xalq mahnı və təsniflərimizi ifa edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daskendde_Azerbaycan_abidelerinin_fotosergisi_kechirilib-850673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR