Cəsarətli addımları hər zaman seçilən məşhur fransız alpinist bu dəfə Nepaldakı faciə qurbanları üçün hündür göydələnlərdən birinə dırmanıb.

ANS PRESS-in məlumatına görə, “hörümçək adam” kimi tanınan 53 yaşlı fransız alpinist Alayn Robert şənbə günü Nepalda baş verən dəhşətli zəlzələdə ölənlərin xatirəsini yad etmək üçün Parisdəki Montparnass qülləsinə dırmanıb. Bu barədə “USA Today” xəbər yayıb.

Xəbərdə bildirilir ki, ağlasığmaz hərəkəti ilə ürəkləri ağıza gətirən Robert 210 metr hündürlükdə olan binaya heç bir təhlükəsizlik tədbiri görmədən dırmanmağa müvəffəq olub.

O bu hərəkəti ilə zəlzələ qurbanlarını dəstəkləmək niyətində olduğunu bəyan edib. Lakin binanın başına çatan Roberti polislər tutaraq şöbəyə aparmalı olublar.

1994-cü ildən bəri dünyanın müxtəlif yerlərində 130 göydələnə dırmanan Robert 2011-ci ildə dünyanın ən yüksək göydələni (828 m) olan Burc əl-Xəlifəyə dırmanıb.

Xatırladaq ki, ötən həftənin şənbə günü Nepalda 7.9 bal gücündə zəlzələ baş verib. Paytaxt Katmandunun 80 km şimal-şərqindəki Lamjunqda meydana gələn zəlzələdə ölənlərin sayının 5057 olduğu açıqlanıb.

Mənbə
ANS PRESS