Ağla ey çeşmim...

Ağla ey çeşmim...
20:42 13 Yanvar 2015
197 Sosial
Ölkə mətbuatı
A- A+

Kim dedi ki, ağlamaq kişiyə yaraşmaz? Kim dedi ki, kişi ağladıqca dəyərdən düşür? Kim dedi ki, ağlamaq arvad işidir?
 
Kim dedisə-dedi, boş bir sözdü, ardınca baxmağa belə dəyməz.
 
Göz yaşının dəyəri ağladan niyyətdən bilinər. Kişi döyülüb ağlasa, siz deyəndir; dünyanın aqibətini, insanın cahilliyini, zalımlığını görüb ağlasa, özü üçün, canı üçün deyil, Haqqdan uzaq düşmüşlərin, bu gəliş-gedişin mahiyyətini anlamayanların, dostu-düşməni ayıra bilməyənlərin aqibətinə ağlasa, hər damla göz yaşı bir zümrüd danəsindən daha dəyərlidir.
 
Ariflər üçün ağlamaq qəlbin dəstəmaz almasıdır. Göz suyu ilə yuyunar arifin qəlbi. Haqq rəhmətinin insan gözündə damlalara dönməsidir göz yaşları.
 
***
 
Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, bəndənin Allaha ən yaxın olduğu məqam səcdə məqamıdır. Bu həqiqəti buyuran o uca Zat alnını səcdəyə qoyub gözlərindən o qədər yaş axıdarmış ki, alnı da, üz-gözü də palçığa batarmış. Heç bu mənzərəni təsəvvürünüzə gətirirsinizmi? - Ağlamaqdan üz-gözü palçıq olmuş bir Allah aşiqi.
 
Gündüz küçədə iki nəfərə rast gəlirsiniz. Biri gecəni ipək yorğan-döşəkdə bir gecəni bir an kimi yaşayıb gəlib, o biri isə gecənin yarısında qalxıb və səhərə qədər “Allah” deyib inləyib. İkisi də sənin önündə gedir. Hər biri də gündəlik həyatının axarında hansısa qayğının yükünü daşıyır. İki adam, biri gecəni yatır, biri gecəni yaşayır. Nə deyim, fərqi özünüz təsəvvür etməyə çalışın.
 
***
 
Nizami Gəncəvinin özü haqqında yazdığı belə bir misrası var: Bədəninin zəifliyini səbəb bilib göz yaşı axıtma, Unutma ki, mirvarilərin ən bahalısını sapın ən incəsinə düzərlər. Gecələrini göz yaşı ilə keçirənlərin vücudu da sap kimi olurmuş.
 
Dilin, duyğunun və könlün əl-ələ, üz-üzə birləşdiyi, iç-içə girdiyi anın çiçəklənməsi üzərində jalədir göz yaşları...
 
Cənnət hurilərinin qulaqlarındakı sırğalar, Allahı, axirəti düşünərək axıdılan göz damlalarının yanında çox-çox dəyərsiz qalır!..
 
Heybət, qorxu, hörmət və sevgi kimi insanı təsirləndirən, könlünü alovlandıran və ürəkdən səfil arzuları sıyırıb atan, ülvi hisslərin ruhu tamamilə sardığı anın bəyanıdır göz yaşları..
 
***
 
Haqq üçün göz yaşı axıtmaq Yunusun dili ilə: “Dəryada mahi (balıq) ilə səhrada ahu ilə (ceyranla)” Onu “anmaq”, inləməkdir; hər yerdə Onu sormaq və sonra çözülən hər düyün qarşısında buz kimi əriməkdir; sel olub çağlamaq, başını daşdan-daşa vurub ağlamaqdır...
 
Cəlaləddin Rumi üçünsə “Dövrün “Böyük Dərdli”si kimi yanmaq, qovrulmaqdır.”
 
Hansı səadət bundan daha şirin, hansı həzz bundan daha səmimi ola bilər?
 
Ananın ağlaması səmimidir; riyasız, saf və durudur. Onun hər iniltisində minlərlə neyin fəryadı gizlidir. Bala da ağlar. Həm də dünyaya gələr-gəlməz Ağ günə çıxacağına, səadətə qovuşacağına, yaxud başına gələcəklərə, unudulacağına, bəlkə də, atalarının günahına və cəmiyyətin korluğuna...
 
Ağ alınlı, ağ duvaqlı gəlinə ananın ən qiymətli hədiyyəsi ayrılıq göz yaşlarıdır. Gəlin qız həyatının sonuna qədər o çox saf, inci kimi göz yaşlarını unuda bilməz. Onları unutduğu gün ananı da unudar, atanı da...
 
***
 
O hansı Peyğəmbərdir ki, ağlamadı?! Allahını tanıyan, bu yaradılışın mahiyyətini anlayan birisi üçün ağlamaqdan daha gözəl bir təsəlli nə ola bilər axı?!
 
Nəbinin dili ilə Haqq-Təala, millət şərəfini, vətən namusunu qoruyan gözə bərabər tutar ağlayan gözü. “Ağlamayan gözdən Sənə sığınıram”, -deməmişdimi..? Eynilə şeytanın hiylələrindən, xəsis duyğulardan Allaha sığındığı kimi...
 
Vəlilərin,övliyaların nəzərində göz yaşları Cənnət bulaqlarından daha qiymətlidir. Çünki o damlalar “tamu”nu (cəhənnəmi, onun atəşini) söndürəcək bir iksir sayılır Rəhməti Sonsuzun qatında...
 
Haqqın o saf nəbisi Adəm (ə.s.) səadət badəsini göz yaşları ilə doldurub içmədimi?..
 
Dərdli Nəbi, Tufan Peyğəmbəri (ə.s.) o qətrələrlə aləmi selə vermədimi? Yaradılış sirlərinə ilk toxunan Allahın Xəlili (Hz. İbrahim) (ə.s.): “Hasbi, Hasbi” deyərək göz yaşları ilə atəşi “bərdu-salam”a (sərin və təhlükəsiz)çevirmədimi?
 
O çox incələrdən incə Ruhullahın (Hz. İsa (ə.s.)) işi həmişə ağlamaq deyildimi?
 
Həzrəti Davudun (ə.s.) göz yaşı ilə dolu fəryadı idi ki, insanın daxili aləminin ən dərin bucağında lahuti ahəng və sızıltının adı olan Zəburu tilavət edərkən (oxuyarkən), ən incə könül telləri üzərində yüzlərlə mizrabın ahı eşidilirdi...
 
***
 
Qovuşmaq üçün ağlamaq və qovuşmuş olmaq üçün ağlamaq...
 
Göz yaşları ruh incəliyinin şahidləridir. İncə insan, üzünü göz yaşları ilə yuyan insandır. İçi sızlamayanlar, kirpiyi islanmayanlar kəm taleli qafillərdir. Bu incəlik bir həvari incəliyi də deyil. Şücaət və cəsarət göstəriləcəyi yerdə, o birdən-birə tunclaşar, poladlaşar; aşılmaz və bükülməz hala gələr. Budur, ən böyük dövlət xadimi Ömər, Peyğəmbər halqasında ən böyük dövlət xadimi... Şiddəti, qəzəbi və nifrəti ilə birlikdə, bir dərdlinin, qəlbi qırılmışın yanında, bir “üzü yerdə olanın” qarşısında uşaq kimi hıçqıra-hıçqıra ağlayır və ətrafını da ağladırdı.
 
O mənzumədə hələ nə qədər insan var ki, hayqırtısı aslanın canına vəlvələ salmış, meşəni titrətmiş, döyüş meydanlarında bir nərə ilə min xaniman yerlə-yeksan etmişdir. Lakin Haqqın hüzurunda, özünü hesaba çəkərkən o qədər incə bir hala bürünmüşdür ki, ancaq Cənnət huriləri bu incəlikdən xəbərdar ola bilirdi.
 
***
 
İndi sizlər, ey tarix boyunca ağlamağı unudanlar! Qəmsizlər, dərdsizlər və öz ağlamalı hallarına gülənlər! Gəlin, bu çıxılmaz yolun başında dayanıb əsrlik qəmsizliyimizə, dərdsizliyimizə son qoyub birlikdə ağlayaq! Cəhalətimizə ağlayaq! İtirdiklərimizdən bixəbər olduğumuza ağlayaq! Qüsurdan heykəl olmuş mahiyyətimizə, duyğularımızın ölməsinə və qafilləşən könlümüzə ağlayaq! Bu vəziyyətdə öləcəyimizə, öldüyümüz kimi diriləcəyimizə, boyunduruqlu və əli-qolu bağlı halda böyük imtahanda, ən böyük mərasimdə qrup-qrup keçəcək tarixin şanlı insanları arasında yer tapa bilməyəcəyimizə ağlayaq! Budaqdan qopan bir yarpaq kimi,yalqız enişimizə, ayaqlar altında əzilməyimizə, rəhmətdən məhrum qalmağımıza ağlayaq..!
 
***
 
Göylərə doğru göyərçinlər kimi qanad çırpaq və çox yüksəklərdə elə bir “ah” çəkək ki, səsimiz göz yaşlarından meydana gələn buludları hərəkətə gətirsin. Sonra od-alovumuzu söndürəcək o damlalar yağışlar kimi başımızdan aşağıya ensin və ərşə dirənən alovumuzu söndürsün! Kin və nifrət alovunu.. bütün dünya və axirət odunu...
 
Allahım! Səndən diləyir və istəyirik: Gözlərimizə yaş ver və bizi ağlat! Mərhəmətin üçün, Səndən uzaq olma həsrətini duya bilməməyimizə görə ağlat! Könlün çat-çat olmasına, əğyar atəşinə yanmasına elə ağlat ki, sinələr kabab olsun; ondan bir-bir fəryad çıxsın, mələyi və fələyi vəlvələyə salsın!!!
 
Məni də ağlat; gecə kimi qaranlıq ruhuma şəfqət et və ağlat! Ağlamalarıma belə ağlamağım lazım olduğu üçün ağlat! Bükülmüş qəddimə, solğun rəngimə, burulmuş boynuma və sınıq qəlbimə mərhəmət et və ağlat! Bu ən sakit anda, sızıltılara cavab verdiyin dəqiqələrdə qapqara könülümlə deyil, Səndən başqasına səcdə etməyən başımla Sənə dönür, titrəyən dodaqlarımla məni ağlatmağını diləyirəm.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR