BMT-nin hesabatında bildirilir ki, beynəlxalq humanitar yardımlar ölkəyə daxil olmağa başlasa da, hələ daha çox köməyə ehtiyac var. 1.4 milyon insanın ərzaq yardımına ehtiyacı yaranıb. İnsanların çoxu qorxaraq evlərinə geri qayıtmaqdan imtina etdiyi üçün, Nepalın paytaxtı Katmanduda çadır düşərgələrinin sayı çoxalıb.
“İlkin hesablamalara və ən son zəlzələ fəallığı xəritəsinə görə, 39 bölgədə səkkiz milyon insan zərər çəkib. Bunlardan iki milyondan çoxu ciddi təsirə məruz qalmış bölgələrdə yaşayır”.
Zəlzələnin episentrinə yaxın ərazilərdə vəziyyət daha kritik həddədir. Ucqar ərazilərdə əhalinin 90 faizi bu fəlakətdən zərər çəkib.
Xatırladaq ki, Nepalda 7.8 bal gücündə zəlzələ şənbə günü baş verib. Yeraltı təkanlar Katmandu şəhərini və digər bölgələrdəki yüzlərlə evin dağılmasına səbəb olub. Rəsmi məlumata görə, ölənlərin sayı artıq 5000 nəfəri keçib. Təxminən 8000 insan xəsarət alıb.
Baş vermiş zəlzələ nəticəsində qonşu Çin və Hindistanda da onlarla adamın öldüyü bildirilir.
Zəlzələ Everest dağında da uçquna səbəb olub. Everest dağı zonasından azı 200 alpinistin xilas edildiyi xəbər verilir.
Bir çox ölkələr və beynəlxallq xeyriyyə təşkilatları Nepal rəsmilərinə zəlzələ fəsadlarını aradan qaldırmağa kömək edəcəyini vəd ediblər. Höküməti rəhbəri Leela Mani Paudel xarici ölkələrə tibbi preparatlar və həkim briqadaların göndərilməsi xahişilə çağırış edib.
Yardım göndərənlər sırasında Hindistan, Pakistan, Britaniya, Avstraliya, Türkiyə, Rusiya və Yeni Zelandiya kimi ölkələr də var.
BMT-nin Dünya Ərzaq proqramının sözçüsü Elisabet Byrs AFP agentliyinə Nepala irimiqyaslı yardım göstəriləcəyini bildirib. Beynəlxalq Qırmızı Xaç, Oxfam, "Sərhədsiz həkimlər" və Britaniyanın "Xristian yardımı" təşkilatları zəlzələ baş vermiş əraziyə öz heyətlərini göndəriblər.


MənbəANS PRESS