Prezident: "Azərbaycanda heç bir çətinlik gözlənilmir"

Prezident: "Azərbaycanda heç bir çətinlik gözlənilmir"
23:09 13 Yanvar 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+

“Hər il Sumqayıtda çox gözəl yeni sənaye müəssisələri açılır ki, bu, həm insanları işlə təmin edir, eyni zamanda, ölkəmizin inkişafını təmin edir. Ümumilikdə keçən il 200-dən çox iri sənaye müəssisəsi açılmışdır ki, bu da ölkəmizin inkişafına xidmət göstərir”. Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında fabrikin kollektivi ilə görüşü zamanı bildirib.

 

Dövlət başçısı Sumqayıtın bu gün müasir sənaye şəhəri olduğunu qeyd edib: “Sumqayıtda Texnologiya Parkı neçə ildir ki, fəaliyyət göstərir. Kimya Parkı, digər istehsalat zonaları. Yəni, Sumqayıt əslində nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Biz insanları işlə təmin etmək üçün böyük işlər görürük. Biz bunu Sumqayıtın timsalında əyani şəkildə görürük. Çünki Sumqayıtda işsizlik demək olar ki, aradan qaldırılıb. Qadınlar da işlə təmin edilir. Əgər ailənin hər iki üzvü işləsə əlbəttə ki, bu, ailə büdcəsinə də əlavə dəstək olacaq. Uşaq bağçaları da tikilməlidir ki, qadınların vaxtı olsun, gəlib işləsinlər. Biz bu işlərlə də məşğul oluruq. Yəni, ölkəmizdə həm sosial, həm iqtisadi və sənaye ilə bağlı məsələlər ardıcıl şəkildə həll edilir”.

 

Prezident İlham Əliyev ölkənin inkişaf etdiyini, keçən ili də uğurla başa vurulduğunu qeyd edib: “Bu ili də uğurla başa vuracağıq. Baxmayaraq ki, dünyada indi müxtəlif proseslər gedir. Bölgədə iqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Azərbaycanda heç bir çətinlik gözlənilmir. Yeni sənaye müəssisələri açılacaq, insanlar işlə təmin olunacaqlar. Bizim iqtisadi inkişafımız təmin ediləcək və xalqımızın rifah halı yaxşılaşacaq”.

 

Ölkə başçısı fabrikin tikintisində özəl sektorun rolunu xüsusi qeyd edərək,  əsas vəsaitin sahibkarlar tərəfindən qoyulduğunu vurğulayıb: “Ancaq dövlət də öz dəstəyini göstərib. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu fabrikin yaradılmasına dəstək verilib. Yəni, dövlət sahibkarları dəstəkləyir, həm siyasi, həm maddi dəstək göstərir, güzəştli şərtlərlə kreditlər verir. Sahibkardan da tələbimiz ondan ibarətdir ki, yeni iş sahələri, istehsalat sahələri yaratsınlar, ölkəmizi gücləndirsinlər. Özləri üçün də imkan yaratsınlar və o müəssisələrdə işləyən insanlara da yaxşı xidmət etsinlər. Çünki siz Azərbaycanın iqtisadi və sənaye potensialını yaradan insanlarsınız. Sahibkar əlbəttə ki, bu müəssisənin sahibidir. Ancaq bu müəssisənin əsas iştirakçısı sizlərsiniz, burada işləyənlər - mütəxəssislər, fəhlələr. Beləliklə, burada hər müəssisədə çox sağlam bir ab-hava olmalıdır. İnsanlar razı olmalıdırlar, yaxşı maaş almalıdırlar. Onların iş şəraiti yaxşı olmalıdır. Biz buna çalışırıq və bu gün Azərbaycanın müxtəlif yerlərində müəssisələr bax, bu səviyyədə yaradılır. İnsanların əməkhaqqı vaxtında verilməlidir, iş şəraiti yaxşı səviyyədə olmalıdır ki, hər bir ailə normal yaşasın, dolansın və ildən-ilə insanların rifah halı artsın”.

 

Prezident İlham Əliyev Sumqayıtın indi ekoloji cəhətdən ən təmiz şəhərlərdən biri olduğunu qeyd edib: “Vaxtilə Sumqayıtı ekoloji fəlakət şəhəri kimi təsvir edirdilər. Əfsuslar olsun ki, bəzi hallarda Azərbaycana qarşı aparılan kampaniya çərçivəsində yenə də Sumqayıt haqqında həqiqəti əks etdirməyən sözlər deyilir. Amma buraya gələn hər bir insan görür ki, indi Sumqayıt parklar şəhəridir. Sənaye müəssisələrində bütün ekoloji standartlar gözlənilir, tətbiq edilir. Havası təmiz, gözəl infrastrukturu olan bir şəhərdir. Son illərdə Sumqayıtda bir neçə park qurulub, yenidən salınıb, əsaslı təmir edilib. Şəhər gözəlləşir, binalar tikilir. Mən dəfələrlə demişəm ki, Sumqayıtda gedən işlər Bakıda gedən işlərin səviyyəsində olmalıdır.

 

Burada “ASAN xidmət” yaradılıbdır. Yəqin ki, siz də bu imkanlardan istifadə etmisiniz və görmüsünüz ki, bu yenilik insanlara nə qədər rahatlıq gətirir”.

 

“Biz çalışmalıyıq ki, Azərbaycanda hər bir sahədə ən müasir təcrübə tətbiq olunsun - sənaye müəssisələrində, məişət məsələlərinin həllində, insanlara göstərilən xidmətlərdə. Biz buna nail oluruq”, deyə dövlət başçısı qeyd edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR