Elnarə Abdullayeva: "Mən də dedim ki, oğluma müğənni qız almaram..."

Elnarə Abdullayeva: "Mən də dedim ki, oğluma müğənni qız almaram..."
00:22 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tanınmış xanəndə Elnarə Abdullayevanın Milli.Az-a müsahibəsi.
 
- Elnarə xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Allah qismət etsə, güc-qüvvə versə, fevralın 20-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcəyəm.
 
- İndi müğənnilər gileylənirlər ki, konsert vermək sərf eləmir. Bundan narahat deyilsiniz ki?

- Özümə arxayınam ki, konsert verirəm. Daha işə başlamışıq. Camaat gəlsə də konsert verəcəyəm, gəlməsə də (gülür). Elə solo-konserti ona görə verirəm ki, görüm, camaat məni nə qədər istəyir. Bəlkə, yalandan deyirlər ki, səni çox istəyirik, səndən yoxdur.
 
- Deməli, solo-konsertiniz tamaşaçılarınızın sınağıdır.

- Bəli, solo-konsert tamaşaçını sınağa çəkmək deməkdir.
 
- Sənət yoldaşlarınız da konsertinizdə iştirak edəcəklər?

- Sənət dostlarım deyəndə ki, ustadlar konsertimdə iştirak edəcəklər. Onlar dostlarım yox, ustadlarımızdır.
 
- Ustadların ifaları nəzərdə tutulub?

- Yox, oxumayacaqlar.
 
- Biletlərin qiyməti necədir?

- Qiymətlər iyirmi manatdan səksən manata qədərdir.
 
- Yetərincə sevilirsiniz, pərəstişkarlarınız var. Amma son zamanlar verdiyiniz açıqlamalar qalmaqala səbəb olur. Məsələn, bildirmişdiniz ki, oğlunuza müğənni qız almazsınız. Özünüz qəsdən belə açıqlamalar verirsiniz, yoxsa təsadüfən alınır?

- Yox, qəsdən belə açıqlamalar vermirəm. Belə bir mövzu qoyulmuşdu. Mən də dedim ki, oğluma müğənni qız almaram. Bunun da bir neçə açıqlaması, izahı var. Mən kimisə nəzərdə tutmamışam və danışığını bilən adamam. On il əvvəl danışdıqlarım da yadımdadır. Çünki araq içmirəm, siqaret çəkmirəm, başqa işlərlə məşğul olmuram. Normal düşüncəli insanam.
 
- Bax, bu açıqlamanız da qalmaqala səbəb olacaq. Kimlərsə düşünəcəklər ki, onlara söz atırsınız.

- Heç kimə söz atmıram. Həmişə deyirəm ki, mən normal düşüncəli insanam. Bütün Azərbaycan araq da içir, siqaret də çəkir. Dediklərim də hamıya aiddir, konkret kiməsə yox. Dediklərim yeni fikir deyil ki... O siqaretdən jurnalist də çəkir. Yəni mən bu işlərdən uzaq adamam. Kimsə düşünməsin ki, mən nə danışdığımı bilmirəm.
 
- Müğənni Xatirə İslamla münasibətləriniz necədir?

- Guya əvvəldən münasibətimiz necə idi ki? Bu, mənim xarakterimdir. Fikrimi konkret deyə bilən adamam. Heç vaxt heç kimə söz atmıram. Sən məndən söz soruşursan, mən də öz xarakterimdən danışıram.
 
- Sənət aləmində ailəvi dostluq etdiyiniz həmkarınız var?

- Hamını orada-burada görürəm. Amma ailəvi münasibətim olan heç kim yoxdur. Əvvəla, digər müğənnilərin də vaxtı olmur. Vallah, heç qardaş-bacımı vaxtında görə bilmirəm, o ki qaldı müğənniləri. Allaha and olsun, bütün sənət yoldaşlarımı çox istəyirəm və qısqanıram. İstəmərəm ki, bir adam bunlar haqda bir pis söz danışsın.
 
- Sənət aləmində nadir hallarda təsadüf olunan yetərincə normal ailəyə sahibsiniz. Sizcə, niyə yaradıcı insanların şəxsi həyatı uğursuz alınır? Amma siz həm ailəni, həm sənəti eyni zamanda qoruya bilirsiniz.

- Evdə söz-söhbət də olur, əsəbləşirsən də. Ailədə anlaşılmazlıq təkcə müğənnilərdə, xanəndələrdə olmur ki. Həkimin də, jurnalistin də ailəsində ola bilər və heç kim bunu dana bilməz. Sadəcə, bəziləri əziyyət çəkib ailə saxlamaq istəmirlər. Guya mənim evimdə söz-söhbət olmur? Gərək güzəştə getməyi bacarasan. Ailəni qorumaq sözün əsl mənasında əziyyət deməkdir.
 
- Bütün gün məclislərdə, çəkilişlərdə olursunuz. Bəs ev işlərinizə kimsə kömək edir?

- Bacım, qaynımın yoldaşı hərdən gəlib uşaqlara yemək bişirirlər. Hərəsi bir az kömək edirlər.
 
- Müğənnilərin əksəriyyətinin ev işləri üçün köməkçiləri var. Nə əcəb, ev işlərinizi kiməsə etibar etmirsiniz?

- Mənim o qədər tünd xasiyyəim var ki, heç kimə etibar etmirəm. Etibar edib heç kimi evimə gətirib sala bilmərəm. Söhbət puldan getmir. Onsuz da bir dənə balaca komam var, divarının “şpatlyovka”sı qopub adamın üstünə gəlir. Kimsə gəlsə, milyon aparmayacaq. Hələ gərək evin üstünə 1-2 manat da qoyub gedə. Amma uşaqlarımdan narahatam. Gələn adamın tərbiyəsinə bələd olmalıyam.
 
- Nə əcəb ev tikdirmirsiniz, yaxud evinizi təmir etdirmirsiniz?

- Desəm ki, Allah pul vermədi, yalan olar. Amma mən xeyirxah iş görməyi xoşlayıram. Kəndimizə su çəkdirdim. Elə o işə böyük bir evin pulu getdi. Düşündüm ki, sabah öləndə rəhmət aparım.
 
- Yəqin ki, bu dəfə növbədə öz evinizdir.

- Qismət olsa, tikdirəcəm, olmasa da canımız sağ olsun. Nağayrım? Milyonu olan da ölüb gedəcək, mən də.
 
- Musiqi təhsiliniz varmı?

- Doqquz il musiqi təhsili almışam. Onun dörd ilini Asəf Zeynallı adına Kollecdə, beş ilini isə Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxumuşam.
 
- Nə əcəb konservatoriyaya daxil olmadınız?

- İki-üç dənə ali təhsili neyləyirəm ki? Universitetdə də konservatoriyadakıları öyrədirlər də.
 
- Pedaqoji fəaliyyətiniz varmı?

- Xeyr. Mənim müəllim işləməyə nə vaxtım, nə də səbrim çatar.
 
- Amma həmişə xanəndələr toylara da gediblər, müəllimlik də ediblər. Bəs onlar necə vaxt tapırdılar?

- Onlar vaxt tapa bilirlər, amma mən çatdıra bilmirəm. Xaraktercə çox məsuliyyətli insanam. Bu gün harayasa gedim, tələbələrim başsız qalsınlar - o, mənlik deyil. Bir işi görürəmsə, məsuliyyətlə görməliyəm.
 
- Estrada ifaçılarından kimləri dinləyirsiniz?

- “Yeni ulduz” müsabiqəsinin qalibi İlhamə Qasımovaya qulaq asıram. Bir də Samiranın ifalarını dinləyirəm.
 
- Xüsusi hörmətiniz olan peşə varmı?

- Bu sənətlər də boş-boş şeylərdir. Bizim peşələrimiz Allahın bir tikə ruzisidir. Ruzimizi bizə həmin sənətlərin vasitəsilə verib. Jurnalistika da boş şeydir, oxumaq da. Hər şeyin başında insanlıqdır. Gərək peşəndən yaxşı məqsəd üçün istifadə edəsən. Məsələn, insanları üz-üzə qoymağa, nifaq yaratmağa cəhd göstərdinsə, sənin evin yıxıldı. Hər şeylə ehtiyatlı davranmalısan. Mən səninlə istədiyim kimi danışa bilmərəm və buna ixtiyarım da yoxdur. Oxuyanam deyə hər istədiyimi eləyə bilmərəm. Gərək insanlar bir-birinə hörmətlə yanaşsınlar. Ona görə deyirəm ki, hamını çox istəyirəm. Müəllim, süpürgəçi, müğənni... İnsandır da. Hərənin də bir peşəsi var. Hamı xanəndə olmaz ki...
 
Elçin Tağıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/318723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR