Aktyora 100 yox, 500 manat verilsə, yaxşı oynayacaq? - ARAŞDIRMA

Aktyora 100 yox, 500 manat verilsə, yaxşı oynayacaq? - ARAŞDIRMA
00:27 14 Yanvar 2015
273 Sosial
Ölkə mətbuatı
A- A+

Tamaşaçı niyə Azərbaycan seriallarına baxmaq istəmir? 
Son illər ölkəmizdə ard-arda müxtəlif mövzulu seriallar çəkilir: “Pərvanələrin rəqsi”, “Aramızda qalsın”, “Bacanaqlar”, “Küləklər şəhəri”, “Qisas”, “Bir ailəm var”, “Qız atası” və sairə… Ancaq hələ də kanalı çevirib əcnəbi seriallara üstünlük verilirsə, deməli, serialların əsas obyekti olan tamaşaçı milli seriallarımızdan razı deyil.
 
Doğrudur, birdən-birə Azərbaycan telekanallarında yüksək səviyyəli seriallar axtarmaq bir az sadəlövhlük olardı. Ancaq ən azından milli kinosunda özgə həyatlarını, olmayan dəbdəbəni, bizdən hələ çox uzaqda olan həyat tərzini, belə desək, fantastik ssenarini görmək tamaşaçını uzaqlaşdırır. Bir sözlə, Azərbaycan vətəndaşı öz serialımızda özünü, yaxınını, ətrafını görə bilmir.
 
Seriallarımızda uğursuzluğa yol açan amil təkcə bu deyil. Rejissor işinin qənaətbəxş olmaması, aktyor çatışmazlığı, maliyyə azlığı, ssenari zəifliyi də bu sıraya aid edilir. Digər çatışmayan cəhətlərlə tanış olaq...
 
Milli seriallardakı “yox”lar
 
Teletənqidçi, professor Qulu Məhərrəmli, problemin, ilk növbədə, serial çəkilişlərinin sistemsiz, xüsusi hazırlıq olmadan gerçəkləşdirilməsindən qaynaqlandığını düşünür. Ümumilikdə isə, serial çəkilişilərində çatışmayan cəhətləri belə qruplaşdırır:
 
1. Aktual mövzular yoxdur
2. Parlaq ssenarilər yoxdur
3. Seriallarda bir teatrallıq, sünilik var, aktyor oyunu hiss olunmur
4. Seriallarımızın dili, dialoqlar çox bəsitdir, mənfi emosiya yaradır
5. Rejissor işi arzuolunan dərəcədə deyil.
 
Qulu Məhərrəmli haqlı olaraq soruşur: Normal veriliş hazırlaya bilməyən televiziya necə serial çəkə bilər? Onun fikrincə, bu məsələdə əsas məqam serial bazarı ilə kimin məşğul olmasıdır. Televiziyalar, kinostudiyalar, yoxsa prodakşn studiyalar?
 
“Azərbaycanda özünü təsdiq etmiş bir neçə prodakşn var ki, müqavilə bağlayaraq serial çəkilişini onlara həvalə etmək olar. Ümumiyyətlə, serial çəkilişi ayrıca bir sahədir. Bu, daha çox filim, kino bazasında formalaşmalıdır. Kinostudiyanı bu proseslərdən kənarda saxlamaq olmaz. Orda bizim tanınmış ssenaristlər, rejissorlar, yaxşı dialoq ustaları var. Onları cəlb eləmək lazımdır. Ancaq konseptual olaraq bu işin televiziyalara həvalə olunması, pul ayrılması yanlışdır. Nə qədər ki, gec deyil, bu yanlışlığı düzəltmək lazımdır. Dövlət tərəfindən serial çəkilişinə ayrılan maliyyə vəsaitinin sərf edilməsində də ciddi problem var, o pullar hara, necə xərclənir? Bax bunu araşdırmağa dəyər...”
 
Bəs tamaşaçını bizim seriallardan uzaqlaşdıran nədir?
 
Teletənqidçi müqayisə apararaq tamaşaçıların niyə türk seriallarına üstünlük verməsinə də aydınlıq gətirir: “Türk seriallarının sevilməsinə səbəb aktual mövzulara toxunulmasıdır. İnsan psixologiyası çox önəmlidir. Cəmiyyətin həyatında baş verən olaylar insanın həyatına, düşüncəsinə, psixologiyasına təsir edir. İnsanlar seriallarda real həyat cizgilərini görmürsə, onda maraq da göstərmirlər. Süni, qurama hadisələr görəndə kanalı çevirirlər. Həddindən artıq ideallaşdırılmış həyat tərzi, davranışlar istər-istəməz tamaşaçını seriallardan uzaqlaşdırır”.
 
“Seriallar aktyorlar üçün əlavə gəlir mənbəyidir”
 
Dram nəzəriyyəsi mütəxəssisi Aydın Dadaşov bildirir ki, ölkə prezidentinin sərəncamı ilə seriallara maddi təminat ayrılması və bu işin mühitdə müsbət imic qazanan Televiziya və Radio Şurasına həvalə olunması məmnunluq doğurur: “İnformasiya bazarında oturuşması vacib sayılan seriallar ən azı müxtəlif səbəblərdən diqqətdən kənarda qalan sənətkarlar, aktyorlar üçün əlavə gəlir mənbəyinə çevrilməklə işsizlik probleminə qismən təsir göstərir. Ötən əsrin 33-45-ci illərində ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt büdcənin ehtiyat fondunu strateji, o cümlədən mənəvi məqsədlərə yönəltməklə cinayətkarlığa yol açan işsizlik problemini aradan qaldırmışdı. Sabitliyin bərqərar olduğu ölkəmizdə də işsizliyin aradan qaldırılmasına fasiləsiz cəhdlər fonunda asudə vaxtın intensivliyinin təminatı dövlət əhəmiyyətli məsələdir. Şübhəsiz ki, yaşlıların dava-dərman, qadınların istehlak, parfümeriya, kişilərin avtomaşın, uşaqların qida məhsulları, oyuncaq reklamına maraq göstərən auditoriyanı yaratması adekvat mövzuların gündəmə gəlməsini müvafiq proqram siyasətinin yürüdülməsini tələb edir. Bu istiqamət televiziya sənayesinin sağlam biznes faktoru üzərində qurulması ilə vergi ödəyicisinə çevrilməsinə yol açacaqdır”.
 
“Seriala uca sənət kimi baxılmamalıdır”
 
Ssenari Mərkəzinin rəhbəri İntiqam Hacılı tamaşaçıların iradı ilə razılaşmaq lazım olduğunu deyir: “Çünki onlara aktyor çatışmazlığı, lazımi səviyyədə aktyorların olmaması, qeyri-peşəkarlıq və maddiyyatın azlığı maraqlı deyil, onlara ekranda maraqlı və cəlbedici mövzu lazımdır. Tamaşaçını prodüserin və rejissorun problemləri maraqlandırmır.
 
Aktyorların isə serillardan aldıqları qonorarın azlığından şikayətləri normaldır. Yəqin ki, az olmasaydı, şikayətlənməzdilər. Məncə, aktyora əməyi müqabilində yaxşı qonorar vermək olar və bunu çəkdiyim “Qız yükü” serialında etdim. Bütün işçilər aktyorlarla barəbər, çox yaxşı qonorar aldılar.
 
Serialların uğursuz alınmasının bir səbəbi də ona uca və ciddi bir sənət kimi baxılmasıdır. Seriala elə öz adı səviyyəsində baxmaq və işləmək lazımdır. Fikrimcə, bu sahədə kinematoqrafçıların azlığı əsas problemdir. Rejissor olmayan, ssenaridən anlayışı olmayan adam bu sahədə çalışırsa, mənzərə belə olmalıdır.
 
İlk növbədə, ölkədə serial çəkilişi prosesi uzun müddət və ardıcıl davam etməlidir, ciddi adamlar, yəni kinonu bilən şəxslər, rejissorlar, ssenaristlər bu işlə məşğul olmalıdır. Belə olduğu halda serial sahəsində canlamanın şahidi olacağıq”.
 
“Problem qeyri-peşəkarlıqdadır”
 
Gənc Tamaşaçılar Teatrının aktrisası, “Pərvanələrin rəqsi” və “Sonuncu fəsil” teleseriallarında çəkilən Şəbnəm Hüseynova problemin səbəbini bu sahədə çalışanların qeyri-peşəkar olmasında görür: “Səbəb nə aktyor çatışmazlığı, nə də qonorar azlığıdır. Sadəcə, hər kəs öz işi ilə məşğul olmur. Məncə, serialı çəkən rejissor, çəkilən aktyor olsa, ortaya, sözün əsl mənasında, gözəl iş çıxar. Seriallar tamaşaçıların arzuladığı kimi səmimi alınar. Necə ki “Pərvanələrin rəqsi” geniş tamaşaçı kütləsi tərəfindən qəbul edilmiş və sevilmişdi. Seriala peşəkar aktyorlar çəkilməlidir, həvəskarlar yox. Heç yerdə yazılmayıb ki, aktyor sənətinə giriş serial çəkilməklə başlayır. Hətta bəzən illərin aktyoru seriala çəkilir, amma çox uğursuz alınır. Məşhur fikirlər razıyam ki, rejissor hər şey deyil, amma çox şeydir. İşin başında dayanan rejissor peşəkardırsa, o, artıq aktyor seçimini də düzgün aparacaq. Uğurun yarısı heyətin düzgün seçilməsindədir. Aktyor çatışmazlığından əziyyət çəkən rejissor, yaxşı olardı ki, arada bir teatrlara üz tutsun və yeni simalarla tanış olsun.
 
Serialların arzuolunan səviyyədə alınmamasında ssenari zəifliyi də öz sözünü deyir. Ssenari zəif olandan sonra aktyora verilən qonorar nə qədər çox olursa-olsun, serial yenə o effekti verməyəcək”.
 
“Aktyorlar 10 manata seriala çəkilirdilər”
 
Bəstəkar, ssenarist Vüqar Camalzadə zamanla serial çəkilişində inkişafa nail olacağımızı deyir: “Hamısı düzələcək. Təsəvvür edin ki, üç-dörd il bundan əvvələ qədər aktyorlar gəlib xahiş edirdilər ki, günümüzə 10 manat verin, seriala çəkilək. Bu gün aktyorlar günü 200-300 manata çəkilirlər. Bu müddətdə aktyor tam peşəkarlaşa bilməz, zaman lazımdır. Türkiyədə serialın bir seriyasının qiyməti 200-250 min avrodur. Amma bizdə bir seriya 4-5 min manata başa gəlir, fərq budur. Maliyyə çox olanda işçi heyəti də böyük olur, aktyor da qonorarı çox aldığına görə daha böyük məsuliyyət hiss edir, seçim olur. Mən aktyora 100 yox, 500 manat versəm, deyərəm ki, bunu belə oynamasan, oynamayacaqsan. Belə olanda aktyor da öz üzərində daha çox işləyəcək.
 
Bizdə həm də aktyor çatışmazlığı var. “Xəzər” televiziyasında yayımlanan “Həyat varsa” serialının hər bölümü ayrıca film kimi olduğundan hər dəfə yeni aktyorlar lazım idi. Bu seriala Azərbaycanda çəkmədiyimiz aktyor qalmadı. Şəki, Lənkəran, Gəncə teatrlarından aktyorlar gətirirdik. Müəyyən mənada populyarlaşmış aktyorlarda isə artıq ulduzluq xəstəsi əmələ gəlib ki, onsuz da məni çağıracaqlar”.
 
Sevinc Fədai
Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR