Dağıdıcı zəlzələnin ardınca, indi Nepalda təkcə dağıntılar altında qalan insanların iniltisi eşidilmir. Zəlzələdən canını sağ qurtaranlar isə qida tapmırlar. Dövlətlər isə Nepala yardım göndərir. Azərbaycanın humanitar karvanı da artıq cəhənnəmin yaşandığı Nepaldadır.

Nepalda yaşayan həmvətənlərimiz təbii fəlakət zonasından təxliyyə ediləcək.

ANS TV-nin Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, proses Azərbaycan hökuməti adından Nepala humanitar yardımın göndərildiyi “BE-200ÇS” təyyarəsi vasitəsilə həyata keçiriləcək.

Prezident İlham Əliyevin göstərişinə əsasən FHN tərəfindən yola salınan humanitar yardıma bir tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və içməli su daxildir.

Xarici İşlər Nazirliyindən verilən məlumatda da Nepalda, təbii fəlakət zonasında olan həmvətənlərimizin vəziyyətinin diqqət mərkəzində olduğu deyilir.

Nazirliyin mətbuat xidmətinin sözçüsü Hikmət Hacıyev bildirdi ki, Azərbaycanın Hindistandakı səfirliyi Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir. İlkin məlumata görə, Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı var və onlar arasında ciddi xəsarət halı qeydə alınmayıb.

Bu arada dağıdıcı zəlzələdən əziyyət çəkən Nepalın paytaxtı Katmandunu etiraz dalğası bürüyüb. Sakinlər ölkə hökumətinin zəlzələ fəsadlarını operativ aradan qaldırmadığına və humanitar yardımın az olmasına etiraz edirlər. Onlar hökumətin istefasını da tələb edirlər.

Nepalda ötən həftənin sonunda baş verən zəlzələdən ölənlərin sayı 5 min nəfəri ötüb. Rəsmilər 7,8 ballıq zəlzələ itkilərinin 10 min nəfərə çatacağını istisna etmir.

Belə ki, hələ də ölkənin ucqar rayonlarındakı vəziyyətdən xəbərsizdilər. Xilasedicilər Himalay dağlarında yerləşən yaşayış məntəqələrinə yardım çatdırmaqda çətinlik çəkir. Bir çox kəndlər torpaq sürüşməsindən yerlə-yeksan olub. 10 mindən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Mənbə
ANS TV, Ayşəm Rüstəmova