Göygöldəki 50 minlik basqının TƏFƏRRÜATI - FOTO

Göygöldəki 50 minlik basqının TƏFƏRRÜATI - FOTO
14:12 14 Yanvar 2015
264 Digər
Ölkə mətbuatı
A- A+

Qonşusunun külli miqdarda pulu və qızıl zinət əşyası olması barədə məlumatlı olan şəxs onu ələ keçirmək üçün tanışları birlikdə quldurluq etmək qərarına gəlib. Onlar bu çirkin əməllərini həyata keçirərək əldə etdikləri qəniməti öz aralarında bölüblər. Ancaq həmin pulu xərcləməyə macal tapmayıblar. 10 gün əvvəl Göygöl rayonunda quldurluq hadisəsinin üstü açılıb.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, yanvarın 4-ü saat 2:30 radələrində naməlum şəxslər maskalı halda Göygöl rayonunun Üçbulaq kənd sakini İsa Alışanovun mənzilinə daxil olublar. Həmin vaxt dəstə üzvləri silah qismində istifadə etdikləri tapança və taxta dəyənəklərlə ev sahibinin anası Əsli Alışanova və bacısı Mata Alışanovaya xəsarət yetirərək mənzildən 50 min manat nəğd pul, 3 min manat dəyərində qızıl zinət əşyaları götürüblər.

Əsli Alışanova, zərərçəkən: "Dedim, ay bala, nə istəyirsiz, verim, bircə balalarıma heç nə etməyin. Elə bunu demişdim, məni vurdular. Mən də xəstə adamam, huşumu itirdim".

Mata Alışanova, zərərçəkən: "Mən birini divara sıxıb maskasını çıxardım. Üzündə xalı var idi. Bu zaman o, başımdan vurdu, qan gəldi. Bir də gördüm ki, bıçağı mənə sıxıb. Can şirin şeydir, mən də qorxdum".

Əməliyyat tədbirlərinə başlayan Göygöl polisi cinayətin üstünü açmağa müəssər olub. Məlum olub ki, quldurluq hadisəsini Laçın rayon sakini, 25 yaşlı Elmidar Mirişov, Neftçala sakini, 27 yaşlı Qorxmaz Mənəfov, Şabran sakini, 31 yaşlı Qərib Dostəliyev və Füzuli sakini, 25 yaşlı Əfqan Dostəliyev törədiblər. Həmin şəxslər paytaxt Bakı şəhərində saxlanılaraq istintaqa təqdim olunublar.

Eldar Bağırov, Göygöl Rayon Polis Şöbəsinin rəis müavini: "Bakı şəhərində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində adları qeyd olunan cinayətkarların gizləndikləri yer müəyyən olundu. Onlar tərəfimizdən tutularaq Göygöl Rayon Polis Şöbəsinə gətirildilər".

Araşdırmalar zamanı müəyyən edilib ki, cinayətlə bağlı təklif bir müddət əvvəl zərəçəkənlərin qonşuluğunda yaşayan Elmidar Mirişov tərəfindən gəlib. Mirişov birgə çalışdığı iş yoldaşı Qorxmaz Manafovu qonşusunda xeyli miqdarda pul olması barədə məlumatlandırıb. O isə öz növbəsində digər şəxslər - Qərib və Əfqan Dostəliyevləri vəziyyətdən hali edib. Beləcə paytaxt Bakıda planlaşdırılan quldurluq hadisəsi Göygöl rayonunda başa çatdırılıb.

Elmidar Mirişov, saxlanılan şəxs: "İki ay olar, Qorxmazla birlikdə tikintidə işləyirdik. Qorxmaz məndən 100 manat borc pul istədi. Mən də dedim, təzə işləyirəm, pulum yoxdur. Bir az keçəndən sonra Qorxmaza dedim ki, bizim qonşuda pul var".

Əfqan Dostəliyev, saxlanılan şəxs: "Mən Elmidarı tanımırdım. Qorxmaz tanış elədi. Dedi ki, bir adam var, yaxşı adam deyil, faizə pul verir, gedək bu işi görək. Mən də dedim, problem yoxdur".

Qorxmaz Manafov, saxlanılan şəxs: "Alışqan idi, tapançaya oxşayan, bir də 3 ədəd papaq olub, onları mən gətirmişdim. Maska eləmək üçün götürmüşdüm".

Qərib Dostəliyev, saxlanılan şəxs: "Elmidar əvvəlcədən dedi ki, kim harada yatır. Pul haradadır, işıq haradan yanır  - hamısını Elmidar əvvəlcədən demişdi".

Qeyd edək ki, dəstə üzvlərinin cinayətdə istifadə etdikləri maska, əlcək və digər əşyalar, eləcə də əldə etdikləri pul və qızıl zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/319004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR