Elbrus Məmmədov: "Heç kim sevinməsin..."

Elbrus Məmmədov: "Heç kim sevinməsin..."
15:07 14 Yanvar 2015
191 İdman
Ölkə mətbuatı
A- A+

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov “Qafqazinfo”ya müsahibə verib. Fanat.az müsahibəni təqdim edir:


- Antalyada hazırlıqlar necə gedir?

- Hər şey qaydasındadı. Sadəcə havaların bir az soyuq keçməsi müəyyən problemlər yaradır. Məsələ, dünən səhər məşqimiz qasırğa səbəbindən zalda keçdik. Deyirlər, bu gündən etibarən havalar mülayimləşəcək. Bundan sonra gündə iki dəfə olmaqla məşqlərimizi davam etdirəcəyik. Bizə olan ümidləri doğrultmaq istəyirik. 


- Əvəzedici heyətdə rəhbərliyiniz altında oynamış futbolçular özlərini əsas komandada necə hiss edirlər?

- Hər şey qaydasındadı. İstər komandada qalan futbolçulardan, istərsə də əvəzedici heyətdən gələnlərdən razıyam. Onlar da istəklidirlər və çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Ümid edirəm ki, çempionatda da belə olacaq. 


- Keçirdiyiniz ilk yoxlama görüşündə “Təkirdağspor”la 2:2-lik heç-heçə etdiniz. Komandanızdan razı qaldınız?

- İlk oyun olduğu üçün nəsə demək çətindi. Matçda bəzi elə xırda səhvlər oldu ki, onları biz əvəzedici heyətin oyunlarında edərkən bağışlamaq olurdu. Amma Premyer  Liqada bu səhvlər bağışlanılmazdı. Çalışacağıq ki, o səhvləri minumuma endirək. 


- “Xəzər Lənkəran”ın bu heyətlə iddiasız olacağı deyilir...

- Qətiyyən deyilən fikirlərlə razılaşmıram. Qoy bu sözləri deyənlər çempionatı gözləsinlər. Biz yüksək yerlər üçün mübarizə aparacağıq. Bunun üçün ilk növbədə hazırlıqdan lazımınca yararlanmalıyıq. 


- Yəni deyirsiniz ki, “Xəzər Lənkəran” əvvəlki iddialı komanda olacaq?

- Əlbəttə ki, sonuna qədər vuruşacağıq. Qoy bizi zəif görənlər elə belə də düşünsünlər. 


- Əsas heyətin bəzi üzvləri komandada saxlanıldı. Düşünürsünüz ki, məhz bu futbolçular komandanı uğura daşıyacaq?

- Əsas işimiz odu ki, təcrübəlilərlə gənclərin vəhdətini təşkil edə bilsək, inanın ki, güclü bir komanda formalaşacaq. Bizim bütün səylərimiz də məhz bu yöndədi. 


- Mövsümün ilk yarısının demək olar ki, son oyunlarının hamısında meydanda olan Vyekoslav Tomiç komandada saxlanıldı. Əvəzində yerli olan və xorvatiyalıdan geri qalmayan Cahangir Həsənzadə göndərildi. Nə üçün belə seçim edildi?

- Bu suala cavab vermək çətindi. Gedənlərin hamısına hörmətim var idi. Eləcə də Cahangir Həsənzadəyə. Hamısına sadəcə uğurlar arzu edirəm.


- “Xəzər Lənkəran”ın yoxlama görüşlərindəki rəqibləri komandanın gücünü bəlli edəcək?

- Rəqiblər komandanın məşq planına uyğun seçilib. İlk görüşə yorğun çıxdıq. Bu gün oynayacağımız Almaniyanın “Çemnitzer" klubu da asan rəqib deyil. Son iki oyun isə həlledici olacaq. Bu zaman demək olar ki, çempionatda oynayacağımız heyət bəlli olacaq. 


- Köməkçilərinizlə bağlı qaranlıq məqam var idi. Yeni köməkçiniz gələcək, ya Covanni Melkiorre və Vidadi Hüseynovla davam edəcəksiniz?

- Hələ ki, onların ikisi ilə davam edəcəm. 


- U-18 milli komandamızla birlikdə Valentin Qranatikinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edən Elnur Cəfərov artıq düşərgəyə qayıdıb.  Bugünkü oyunda meydana çıxa biləcək?

- O ağır oyunlar keçirib və düşərgəyə yorğun gəlib. Biz hazırda onu qoruyuruq. Yorğunluq problemi tam aradan qalxandan sonra heyətə raha qoşulacaq. 


- Demək olarmı ki, çempionatda “Xəzər Lənkəran”ın əsas "qol silahı" məhz Cəfərov olacaq?

- İstəyərdim ki, təkcə Elnur yox, digər əvəzedicidən gələn futbolçular da özlərini əsas çempionatda təsdiqləsinlər. İnanıram ki, bunun öhdəsindən gələcəklər. Əvəzedici komandadan 16 futbolçu gəlib və hər biri üçün gözəl imkan yaranıb. 


- Premyer Liqanın 3-cü dövərsinin ilk oyununda “Simurq”la üz-üzə gələcəksiniz...

- Əsas məqsədimiz ilk oyunda 3 xal qazanmaqdı. Biz gənclərlə oynayırıq deyə heç bir komandaya asan olmayacaq. Elə “Simurq”a da...


- Orxan Sadıqlı sizə nə qədər kömək edə bilməyəcək?

- O əməliyyat olunub. Ümid edirik ki, tezliklə komandaya qayıdacaq. Əlbəttə, onun itkisi bizim üçün problemdir. Lakin gənc qapıçımız Tərlan Qasımzadəyə də güvənirik. 


- Əgər “Xəzər Lənkəran” Avroliqaya vəsiqə qazansa, orada da gənclərlə çıxış edəcəksiniz?

- Bunu zaman göstərəcək. İndidən nəsə demək çətindir. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elbrus-mmmdov-quothec-kim-sevinmsinquot-t18802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR