"Report" AS nəşrinə istinadən xəbər verir ki, İngiltərə "Mançester Yunayted"indən Pol Poqba, "Çelsi"dən Eden Azar və Fransanın PSJ klubundan Kilin Mbappe Madrid təmsilçisinin əsas hədəfləridir. Bu oyunçuların namizədliyi komandanın baş məşqçisi Zinəddin Zidan tərəfindən irəli sürülüb.
Daha öncə "Real Madrid"in Mbappeyə görə PSJ-ə 280 milyon avro təklif edəcəyi bildirilib. Bundan əlavə, İspaniya təmsilçisi Azarla müqavilənin şərtləri barədə də razılığa gəlib.
Qeyd edək ki, "Real Madrid" hazırda İspaniya La Liqasında 54 xalla 3-cü pillədə qərarlaşıb. Komanda İspaniya Kubokunda və Çempionlar Liqasında mübarizəni dayandırıb.