Səhiyyə Nazirliyi 3 aylıq körpə Mədinə Orxan qızı Əsgərzadənin ölümü ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat katibi Pərviz Abubəkirovun Metbuat.az-a verdiyi məlumata görə, Mədinə Əsgərzadə martın 28-də valideynləri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasına gətirilib. Xəstəxanadan bildiriblər ki, aparılan müayinədən sonra uşağın vəziyyətinin ağırlığı nəzərə alınaraq o, təcili anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti həddindən artıq ağır olub. Ağırlığı anemik sindromla, nevroloji simptomatika ilə əlaqədar olub.
Bildirilib ki, uşağın dəri örtüyü kəskin solğun, qaraciyər və dalaq böyük ölçüdə (6-7sm) olub. Reanimasiyada olduğu müddətdə ümumi kliniki, biokimyəvi, serroloji, insturmental vədar ixtisaslı həkimlər tərəfindən müayinələr edilib. Eyni zamanda, xəstəyə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun əməkdaşı tərəfindən də baxılıb,orada bir sıra müayinələr aparılıb. Son nəticədə xəstəyə “Fetal hepatit, immun hemolotik anemiya” diaqnozu qoyulub. Daxil olarkən Hb səviyyəsi çox aşağı (60ql) olduğuna görə təcili qan köçürülməsi həyati göstəriş olub”.
Nazirlik rəsmisinin sözlərinə görə, xəstəxanadan verilən məlumatda bildirilir ki, valideyni heç bir sənəd təqdim etmədən, şifahi olaraq doğum evində uşağın qan qrupunun A(II)Rh olduğunu deyib. Buna əsaslanaraq, həkim laborant tərəfindən qan qrupu 3 dəfə yoxlanaraq, 0(I)Rh+ təstiq olunub”,-Abubəkirov əlavə edib.
Xəstəxanadan o da bildirilib ki, bioloji sınaqlar aparıldıqdan sonra xəstəyə qan köçürülüb. 4 dəfəyuyulmuş eritrosit kütləsi köçürülməsinə baxmayaraq, Hb -nin səviyyəsi qalxmayıb, bu isə uşağın əsas xəstəliyi ilə əlaqədar olub. Tibbi protokollara və elmi ədəbiyyatlara əsaslanaraq, I qrup universal qan olduğu üçün bütün qruplara köçürülə bilər.
Qeyd edilib ki, aparılan müalicə fonunda xəstənin vəziyyəti stabil olub, lakin aprelin 4-də valideynlər həkimlərin təkidinə baxmayaraq, məsuliyyəti öz üzərlərinə götürüb, müalicə və müayinələrdən imtina edərək uşağı İran İslam Respublikasına aparacaqlarını bildiriblər. Bu barədə valideynlərdən iltizamnamə alınıb.
Qeyd edək ki, mətbuatda yaxınlarına istinadən körpəyə qan köçürüləndən sonra vəziyyətinin pisləşdiyi, buna görə də İrana aparıldığı, Təbriz şəhərindəki klinikaların birində11 gün komada qalandan sonra öldüyü ilə bağlı məlumatlar verilib. İranlı həkimlər ailəyə bildirib ki, uşağın qan qrupu A(II)Rh olduğu halda birinci I Rh qan köçürülüb:
“Xəstəxanada bildirilib ki, I Rh qrupu bütün qan qruplarına vurula bilər. Digər tərəfdən yanlış qan köçürülən zaman uşaq dərhal ölməli idi. Bu isə ailəyə yanlış məlumat verildiyini göstərir”.