“28 May”dakı ticarət köşkləri sökülür

“28 May”dakı ticarət köşkləri sökülür
11:01 15 Yanvar 2015
178 Şou
Ölkə mətbuatı
A- A+

Metronun "28 May" stansiyasının qarşısındakı yeraltı piyada keçidində yerləşən ticarət mərkəzində köşklər sökülür.

Axşam.az Bizim Yol qəzetinə istinadən xəbər verir ki, bunun səbəbi kimi iyun ayında Bakıda start götürəcək Birinci Avropa Oyunlarına hazırlıq göstərilib. Xatırladaq ki, Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

"İdmançılarla yanaşı, beynəlxalq idman yarışına görə Bakıya turistlərin də gələcəyi gözlənilir. Onların yeraltı piyada keçidində rahat hərəkətinin təmin olunması üçün köşklərin sökülməsi məqsədəuyğun hesab edilib", - deyə ticarət obyekti uçurulan sahibkar Orxan Əliyev bildirib.

Onun sözlərinə görə, bu barədə onlara əvvəlcədən hər hansı bildiriş daxil olmayıb: "Elə bu günlərdə gəlib, özlərini ticarət mərkəzinin məsul şəxsləri kimi təqdim edən adamlar köşklərin sökülməsi tapşırığının olduğunu dedilər. Biz rəhbərliyə müraciət etdik. Bizə söküntünün yuxarıdan tapşırıq olduğunu bildirərək, qərara qarşı çıxa bilməyəcəklərini etiraf etdilər".

Orxan Əliyev bildirib ki, ticarətlə məşğul olmağa davam etmək üçün onlara alternativ yer təklif olunmayıb: "Bizə "köşkü boşaldın, sökürük" dedilər.Gördüyünüz kimi, satmaq üçün nəzərdə tutulan geyim məhsullarını toparlayıb, daşımaqla məşğuluq. Ümid edirik ki, idman yarışı bitəndən sonra yenidən öz yerlərimizə qayıdaq".
Öyrəndik ki, köşklər sökülsə də, mağazalar toxunulmaz qalır. Sökülən ancaq köşklərdir. Hansı ki, onlar sonradan qurulublar. Şahidi olduq ki, müxtəlif ödənişləri həyata keçirmək üçün nəzərdə tutulan bankomatlar ticarət mərkəzinə gətirilib. Burada təmizlənmə və rənglənmə işləri həyata keçirilir.

"Bu keçiddə ticarət fəaliyyəti 1987-ci ildən başlanıb. Keçid uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olub. 1997-ci ildə isə ölkə başçısının tapşırığı ilə keçiddə köçkünlər, əlillər və şəhid ailələrinin xırda ticarətlə məşğul olmaları üçün şərait yaradılıb. 2001-ci ildən keçid təmirə bağlanıb. Nəqliyyat Nazirliyi tərəfindən təmir olunan bu yeraltı keçid 2009-cu ildə "ZQAN" Holdinqə icarəyə verilib. Bu şirkət də köşkləri həmin Qarabağ əlili və şəhid ailələrinə deyil, bizlərə verdi. Mağazalarının əllərindən alınmasına etiraz edən bu şəxslər Nəqliyyat Nazirliyinin və Prezident Administrasiyasının qarşısında dəfələrlə etiraz aksiyaları keçirdilər. Nəticəsi nə oldu? Onların tələblərinə müsbət cavab vermədilər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda sağlamlıqlarını itirən, qanunla xüsusi imtiyaz və güzəştlərə malik olan Qarabağ qazilərinin-əlillərinin xahişi nəticəsiz qalırsa, bizim mübarizə aparmağımıza dəyməz. Biz kimik ki, haqqımızı tələb edək? Biz xırda ticarətçilərik, çörək puluna çıxmışdıq. Yəqin yediyimiz bizə bəs eləyir", - deyə ticarətçilərdən biri bildirib.

Ticarətçilərlə söhbətdən onu da öyrəndik ki, bu ticarət mərkəzi "ZQAN" Holdinqin tabeçiliyindən çıxıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR