Prezident İlham Əliyev: 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq

Prezident İlham Əliyev: 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq
17:03 15 Yanvar 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

"İqtisadi sahədə gözəl əməkdaşlıq var. Bu gün Strateji Əməkdaşlıq Şurasının iclasında rəqəmlər səsləndi. Son illərdə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana milyardlarla dollar sərmayə qoyulmuşdur. 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İlham Əliyev bildirib ki, Türkiyə şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər və 10 milyard dollar həcmində layihələr icra ediblər: "Əlbəttə ki, Cənub Qaz Dəhlizinin icrası enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcək və burada biz artıq çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Burada Türkiyə, Azərbaycan, Gürcüstan və Cənub Qaz Dəhlizinin digər üzvləri fəal birgə fəaliyyət göstərməlidirlər. Gələn ay Bakıda Cənub Qaz Dəhlizinin 1-ci Məşvərət Şurası keçiriləcək. Şuranın iclasında bu layihənin icrası ilə bağlı konkret dəqiq tövsiyələr veriləcək".

Prezident qeyd edib ki, Cənub Qaz Dəhlizinin təməli İstanbulda təxminən 3 il bundan əvvəl qoyulub: "Əziz qardaşımla biz TANAP layihəsinə imza atdıq və TANAP layihəsi əslində Cənub Qaz Dəhlizinin bel sütunudur, yəni təməlidir. Beləliklə, bizim qəbul etdiyimiz qərar bu gün dünyanın çox böyük layihəsinə çevrilmişdir. Cənub Qaz Dəhlizi və “Şahdəniz” yatağının işlənməsi hazırda ən böyük infrastruktur layihəsidir. Bu layihəyə ümumilikdə 45 milyard dollar sərmayə qoyulacaqdır".

Dövlət başçısı daha sonra bildirib: "Digər məsələlərə gəldikdə qeyd etməliyəm ki, həm Bakı-Tbilisi-Qars dəmir yolu, həm də digər layihələr vaxtlı-vaxtında icra ediləcək və bu gün müzakirə olunan hər bir məsələ özlüyündə nəhəng, böyük bir layihədir. TANAP, Bakı-Tbilisi-Qars və digər layihələr strateji əhəmiyyətə malikdir və burada Türkiyə və Azərbaycan aparıcı rol oynayırlar. Əminəm ki, bütün bu layihələr vaxtlı-vaxtında icra ediləcək. Bu il Türkiyədə bir neçə tədbir olacaqdır - Çanaqqala tədbiri, TANAP layihəsinin icrası ilə bağlı tədbir və digər tədbirlər. Yəni ki, Allah nəsib edərsə, bu il biz Türkiyədə tez-tez olacağıq. Əziz qardaşımı, təbii ki, Azərbaycana bir daha dəvət edirəm. Bizim görüşlərimiz tez-tez keçirilir və bu görüşlər xalqlarımızı daha da birləşdirir, ölkələrimizi birləşdirir və Türkiyə-Azərbaycan gücünü daha da artırır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2353687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR