Ronaldo, Messi və... üçüncüsü artıqdır

Ronaldo, Messi və... üçüncüsü artıqdır
02:03 16 Yanvar 2015
174 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Kriştiano Ronaldo 2014-cü ilin ən yaxşısı seçildi. “France Football” jurnalı və FIFA-nın birgə təşkilatçılığı ilə keçirilən səsvermənin yekununda portuqaliyalı ulduza “Qızıl top” verildi.

Ümumilikdə üçüncü dəfə (2008, 2013, 2014) və ardıcıl iki dəfə bu mükafata layiq görülən futbolçu hazırda əsas rəqibi Lionel Messidən (2009, 2010, 2011, 2012) 1 “Qızıl top” geridə qalır.

Beləcə, 2008-ci ildən bu yana, yəni 7 ildir dünya yalnız iki güclü futbolçu tanıyır. Bu da futbol ictimaiyyətini düzgün seçim aparılmaması qənaətinə gəlməyə vadar edir.

Hər səsvermədən sonra səslərin düzgün hesablanmaması ilə bağlı faktların üzə çıxması bu şübhələri daha da gücləndirir. Lakin şəxsi göstəricilərə baxarkən Messi və Ronaldo əlçatmazdırlar.

Argentinalı və portuqaliyalı indiyə qədər əldə edilmiş rekordları alt-üst etməklə məşğuldurlar. Bununla belə, seçimin təkcə “Barselona” və “Real”ın ulduzlarının üzərində dayanılmasının başqa səbəbləri də var.

Düzdür, bəzən haqsızlıqlar olur - 2013-cü ildə olduğu kimi. O zaman Çempionlar Liqası, ölkə çempionatı və kubokunu qazanmış “Bavariya”nın futbolçusu Frank Riberi Ronaldonun kölgəsində qaldı. Seçimdən UEFA prezidenti Mişel Platini də narazı qaldı.

Ancaq məsələ ondadır ki, Messi və Ronaldonun hegemonluğuna son qoya biləcək güclü futbolçu yoxdur. Əlbəttə ki, İnyesta, Xavi, Kasilyas və başqa adları çəkmək olar. Ancaq onların qeyri-sabit çıxışı “Qızıl top” üçün yetərsiz qalır.

Messi və Ronaldonun zəif tərəfləri yığma ilə uğur qazanmamalıdır. Buna görə də adlarını sadaladıqlarımız dünya və Avropa çempionları olarkən ənənəvi seçimin dəyişəcəyi gözlənilsə də, bu baş vermir.

Məgər dünya çempionu olmaq dünyanın ən güclü futbolçusu anlamına gəlmirmi? İnyesta və Xavi təkcə milli deyil, klub səviyyəsində də baxımlı oyun sərgiləmişdilər.

Ümumiyyətlə, son dövrlər şişirdilmiş transfer qiymətləri, lüks həyat tərzi, meydançadan kənarda - "sarı mətbuat"ın gündəmində olmaq kimi hallar futbolçuları peşəkarlıqdan uzaqlaşdırıb. Bu, Ronaldo və Messinin xeyrinə işləyir. Digər tərəfdən, milli komandaların və kapitanların səsvermədə tərəf saxlaması da haqsız seçimə gətirib çıxarır.

Bundan əlavə, ən yaxşı olmaq üçün beşlik ölkələrinin ən güclü komandalarında iştirak etmək də önəm daşıyır. İndiyə qədər "Qızıl top"un sahibi olmuş oyunçuların təmsil etdiyi komandalara baxsaq bunu görərik.

Sadalananları nəzərə alaraq, "Qızıl top" mükafatının yeni qaydalar əsasında seçilməsinə ehtiyac olduğunu deyə bilərik. Əgər bu baş verməsə, hələ bir neçə il Messi-Ronaldo rəqabətinə şahid olacağıq.

Ən azından, gələn il seçimin yalnız bu iki futbolçu arasında gedəcəyini indidən əminliklə demək olar. Bu il Avropa və dünya çempionatları keçirilməyəcək. Bu baxımdan Çempionlar Liqası və ölkə çempionatında uğur qazanan futbolçu yaxşıların yaxşısı adına layiq görüləcək.

Həmişə kimi "Barselona" və "Real" hər iki cəbhədə iddialı, Ronaldo və Messi isə qol vurmağa doymurlar. Təkcə qalır üçüncü - artıq futbolçunun adını müəyyənləşdirmək...


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2353726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR