Öz maşınımız gəlir

Öz maşınımız gəlir
10:06 16 Yanvar 2015
192 Digər
Ölkə mətbuatı
A- A+

Son dövrlər baş verən iqtisadi-maliyyə böhranı bütün sahələrdə olduğu kimi, istehsal sahələrinə də ciddi təsir göstərir. Dünya bazarında neftin qiymətinin düşməsi, bunun fonunda Rusiyada rublun kəskin ucuzlaşması ağır sənayenin inkişafında, eləcə də hazır məhsulun ixrac olunmasında müəyyən problemlər yaradır. Ağır sənayedə avtomobil, kənd təsərrüfatı texnikası, ağırtonnajlı maşın istehsalı mühüm yer tutduğundan, bu növ nəqliyyat vasitəsi istehsal edən ölkələr üçün çıxılmaz vəziyyət yaranıb.

Bəs Azərbaycanda vəziyyət necədir? Ümumiyyətlə, Azərbaycanda müxtəlif növ maşın və texnika istehsalı ilə məşğul olan yeganə müəssisə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyidir.

Birlikdən ANS PRESS-ə verilən məlumata görə, ötən ildə 1260 ədəd traktor, 285 ədəd MAZ, 942 asma avadanlıq, 17 traktor qoşqusu, 30 MAZ qoşqusu, 5 avtokran istehsal olunub. Planlaşdırılan 300 ədəd müxtəlif modifikasiyalı "Belarus" markalı traktorların istehsalı baş turub. Bu müddətdə 300 ədəd traktor üçün kotanlar, 70 ədəd MAZ markalı avtomobillərin yığılıb. İstehsal olunan traktor və kotanlar dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə verilib.

Hazırda zavodda traktorların bazasında ekskavatorlar, qar təmizləyənlər, asfalt doğrayan və yol təmizləyən maşınlar, traktor üçün qoşqular və istənilən növ asma avadanlıq istehsal edilir. MAZ markalı avtomobillərinin bazasında yanacaq və su daşıyan maşınlar, yükü özüboşaldan, dartıcı avtomobillər, assenizasiya maşınları, təmir emalatxanaları və kommunal maşınları buraxılır. Bu günədək İstehsalat Birliyində 5160 traktor istehsal olunub ki, onlardan 4631-i dövlət sifarişi əsasında “Aqrolizing” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilib.

İstehsalat Birliyi ilə əməkdaşlığa can atanların sayı çoxalır. Müəssisədə yeni yüksək keçidli, ağır tonnajlı avtomobillərin sənaye üsulu ilə yığımı nəzərdə tutulur. Bu məqsədlə ötən il dekabrın 22-də Rusiyanın "Kamaz" zavodu ilə ikitərəfli müqavilə imzalanıb.

Sənədə görə 2015-ci ilin əvvəlindən başlayaraq Gəncədə müxtəlif modeldə yüksək keçidli, ağır tonnajlı avtomobillərin yığımına start veriləcək. Uzun müddətli əməkdaşlığı nəzərdə tutan müqaviləyə əsasən yığılacaq "Kamaz" avtomobillərinin ilk zamanlar Azərbaycan bazarında, sonralar isə xarıcı bazarlarda satışı nəzərdə tutulur. Hazırda istesalata başlamaq üçün məısləhətləşmələr, qiymətləndirmələr, bazarın öyrənilməsi prosesi davam edir. Çox güman ki, il ərzində ilk məhsulun şahidi olacağıq.

Müəssisədən bildirilib ki, yeni layihələr və müqavilələr üzərində işlər davam etdirilir. 2013-cü ildə “Minsk təkərli dartıcılar” zavodu ilə ikitərəfli müqavilə imzalanıb və həmin razılaşmaya əsasən 2014-cü ildə hələlik 30 ağır yük daşıyan qoşqu yığılıb.

Ötən ilin may ayında Belarusun “Bobruysk” ehtiyat hissələri və avadanlıq istehsalı zavodu ilə bağlanmış müqaviləyə əsasən MTZ 422 və MTZ 622 markalı mini traktorların istehsalına başlanılıb. Bu günədək ümumilikdə 68 bu tipli texnika yığılaraq təhvil verilib.

Ekspertlərin fikrincə, dünyada yaranmış maliyyə böhranı və digər amillər Azərbaycanda ağırtonnajlı avtomobil, kənd təsərrüfatı texnikası bazarına o qədər də ciddi təsir göstərməyəcək. Hazırda rublun ucuzlaşmasına görə Rusiyanın avtomobil bazarında tələbat kəskin artıb. Bu baxımdan "Kamaz" avtomobillərinin Gəncədə yığılıb istehsalata buraxılması, xarici ölkələrə, o cümlədən Rusiyanın özünə göndərilməsi daha məqsədəuyğundur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=315295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR