Elman Mehdiyev: “Dövlət Sosial Müdafiə Fondu gəlirlərini 2014-cü ildə 8%-dən çox artırıb” - FOTO

Elman Mehdiyev: “Dövlət Sosial Müdafiə Fondu gəlirlərini 2014-cü ildə 8%-dən çox artırıb” - FOTO
11:27 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 11:12 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. 2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. “APA-Economics”in xəbərinə görə, bunu DSMF-in ötən il üçün büdcəsinin icrası ilə bağlı açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib.

 

E. Mehdiyev vurğulayıb ki, DSMF-in gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2014-cü ildə də uğurla davam etdirilib. Fond sədri məlumat verib ki, 2014-cü ildə Fondun gəlirləri 2894,3 mln. manat  təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 8,3% çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2013-cü ilə nisbətən 10,2% artaraq 1744,9 mln. manat təşkil edib.  Bildirilib ki, 2014-cü ildə sosial sığorta haqlarının 64,6%-i qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5% artıqdır. E. Mehdiyev bunun ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olduğunu vurğulayaraq, sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırıldığını da xüsusi qeyd edib.

 

Məlumat verilib ki, hesabat dövrü ərzində həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi  işləri gücləndirilib. Nəticədə 2013-cü il ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 15,1%,  torpaq pay mülkiyyətçilərindən daxilolmalar  5,4% artıb. Büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 618,5 mln. manat təşkil edib. Hesabat dövründə dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 1142,0 mln. manat həcmində Fondun hesabına daxil olub. DSMF-in sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 7,4 mln. manat təşkil edib.

 

Ötən il ərzində DSMF-nin xərclərinin 2868,8 mln. manat təşkil etdiyini bildirən E.Mehdiyev bunun da 98%-in əhaliyə ödənişlərə yönəldildiyini deyib. Qeyd olunub ki, pensiya xərcləri 2738,5 mln. manat,  məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 mln. manat təşkil edib.

 

Həmçinin bildirilib ki, Fondun aparatının və yerli orqanlarının saxlanılması xərcləri 22,5 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 17,5 mln. manat, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər 18,6 mln. manat təşkil edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR