Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin Müalicə Müəssisəsində araşdırma aparıblar

11:57 16 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 11:54 ]


Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində araşdırma aparıblar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırmada MPQ-nin həkim üzvü də iştirak edib. Araşdırma Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsindən bu müəssisəyə köçürülmüş məhkumların yaxınlarının Ombudsmana müraciətinin araşdırılması məqsədi daşıyıb.

Qeyd edilib ki, İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin Cərimə palatalarında saxlanılan, barələrində Müvəkkilə müraciət olunmuş 11 məhkumun hər biri təklikdə qəbul edilib, onlarla söhbət aparılıb və sənədləri öyrənilib. Söhbət zamanı, bu məhkumlar İxtisaslaşdırılmış Müalicə Müəssisəsində zorakılığa məruz qalmadıqlarını bildiriblər. Araşdırma zamanı, o da məlum olub ki, həmin məhkumlar müayinə üçün bu müəssisəyə gətirilib və yaxın günlərdə müayinənin nəticələri məlum olduqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılacaqlar.


MPQ üzvləri 26 dekabr 2014-cü il tarixdə 14 saylı CM-də həyata keçirilmiş tədbir zamanı məhkumlara tətbiq edilən xüsusi vasitə və onların sağlamlığı ilə bağlı tərtib edilmiş sənədlərlə tanış olub, surətini götürüblər. Sonda görüşün nəticələri müəssisə rəisi ilə müzakirə edilib və şəraitlə bağlı bəzi tövsiyələr verilib. Araşdırmanın nəticələri ilə bağlı məlumatlar Müvəkkil tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilib.

Bildirilib ki, dekabrın 22-də 14 saylı CM-də baş vermiş hadisələrlə bağlı hazırda Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR