Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də səhər saatlarında Nepalda yenidən güclü zəlzələ baş verib. Gücü Rixter cədvəli üzrə 7,3 bal olan zəlzələ nəticəsində ölənlərin sayı 7 nəfərə yüksəlib. Katmandu şəhərindəki hava limanı fəaliyyətini dayandırıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polis idarəsindən verilən açıqlamaya görə, ölənlərin sayının artacağı istisna edilmir. Belə ki, hələ bir çox rayondan məlumat daxil olmayıb.
Yeni yeraltı təkanlar, həmçinin qonşu Hindistanda da hiss olunub. Nyu-Deli və Kəlküttə şəhərlərində metropolitenlər fəaliyyətini dayandırıb. Press Trust of India informasiya agentliyi Hindistanın şərqində yerləşən Bixar ştatında 10 nəfərin öldüyünü yazır.
Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda Rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 8 mini ötüb.