“20 Yanvar - Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

12:27 16 Yanvar 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 12:26 ]


Bakı. Fərid Mirzəyev - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi20 Yanvar - Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirib.

 

APA-nın məlumatına görə, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 20 Yanvar faciəsi ilə bağlı qısa arayışla çıxış edib: “20 Yanvar Azərbaycan üçün həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Dövlət və ictimaiyyət Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir”.

 

Milli Məclisin Mədəniyyət komissiyasının sədri Nizami Cəfərov çıxışında bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının silahsız halda azadlıq hissini qorumağa qadir olduğunu sübut etdi: “20 Yanvar Azərbaycan xalqının, habelə postsovet ölkələri tarixində insanlıq faciəsi kimi qalıb. Sovet ordusu heç bir azərbaycanlının gözləmədiyi halda öz vətəndaşlarının üzərinə hücuma keçdi. Ən böyük hadisə isə ondan ibarət oldu ki, Azərbaycan xalqı silahsız halda da azadlıq hissini qorumağa qadir olduğunu göstərdi. 20 Yanvar Azərbaycan tarixində yalnız qanlı bir gün kimi yox, həm də azadlığa aparan işıqlı bir gün kimi qaldı”.

 

Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov 20 Yanvar hadisələrinin xalqımızın tarixində ən şanlı səhifə kimi qaldığını söyləyib: “Hər bir millətin azadlıq hərəkatı zamanı xalq hökmən ayağa qalxır, qan tökülür, müstəqillik qazanılır. Şübhəsiz ki, 20 Yanvar Azərbaycan milli azadlıq hərəkatının ən şanslı səhifəsidir. SSRİ-nin çökməsində Bakıdan Azərbaycan xalqının verdiyi təkan çox böyük rol oynadı. 20 Yanvar sübut elədi ki, xalq ayağa qalxmadan, etiraz etmədən azad ola bilməz. 20 Yanvar həm də SSRİ-nin dövləti cinayət törətdiyini sübut etdi. Bu faciənin başında duran Azərbaycan xalqının qatili Mixail Qorbaçova Nobel mükafatı verildi. Əgər Qorbaçov Amerikada, Avropanın mərkəzində hər hansı bir xalqın başına bu cür oyunlar gətirsə, ona Nobel mükafatı verərdilərmi?”

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev tədbirdə səslənən fikirlərə şərik olduğunu söyləyib: “20 Yanvar Azərbaycan tarixində mühüm yer tutur. 20 Yanvar faciəsinə Azərbaycan xalqının özü qiymət verməli, bu faciə dünyada tanıdılmalı, faciə qurbanlarına qayğı davam etdirilməli və bu faciədən ibrət dərsi götürülməlidir”.

 

Daha sonra xalq şairi Nəriman Həsənzadə, Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, millət vəkili Musa Quliyev və başqaları çıxış ediblər.

 

Sonda Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən çəkilmiş “Ölümə qənşər” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib. Filmin çəkilişi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış Milli Qəhrəmanlarımın ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri əsasında aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR