Dilqəm və Şahbazın azad edilməsi üçün təmaslar davam edəcək - RƏSMİ

Dilqəm və Şahbazın azad edilməsi üçün təmaslar davam edəcək - RƏSMİ
13:29 16 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ötən il Azərbaycanın sərhədləri yaxınlığında yeni gərginlik, qeyri-sabitlik və münaqişə ocaqları yaranıb. Bir sıra dairələrin təsiri altında Azərbaycana qarşı əlaqələndirilmiş formada qarayaxma kampaniyası aparılıb”.

 

APA-nın xəbərinə görə, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat buraxılışında yer alıb.

 

Buraxılışda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirildiyi qeyd olunub: “2014-cü ildə Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərini Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi, müstəqillik və suverenliyimiz əleyhinə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, ikitərəfli və çoxtərəfli əsasda münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, maddi-mədəni irsimizin təşviqi və humanitar diplomatiya, Azərbaycan Respublikası vətəndaşlarının xaricdə hüquqlarının müdafiəsi, diaspora ilə əlaqələr, beynəlxalq sülh, təhlükəsizlik və davamlı inkişafa töhfə verilməsi təşkil edib”.

 

Nazirliyin illik bəyanatında ötən il Ermənistan tərəfindən girov götürülmüş Kəlbəcər sakinləri ilə bağlı məsələ də yer alıb: “Öz doğma torpaqlarında ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün ATƏT Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlarla təmaslar davam etdiriləcək”.

 

Açıqlamada Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya, Fransa prezidentləri Vladimir Putin və Fransua Olland və ABŞ dövlət katibi Con Kerri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edildiyi xatırladılıb: “Münaqişənin həlli istiqamətində müsbət meyllərin olmasına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyində dəyişiklik olmayıb.  Ermənistan danışıqlara xələl gətirmək, mövcud status-kvonu saxlamaq və məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini intensiv şəkildə pozub, işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi təlimlərin keçirib, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini atəşə tutub, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin və maddi-mədəni irsinin dəyişdirilməsi kimi təxribatçı əməllərini davam etdirib. İl ərzində münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair beynəlxalq ictimaiyyətin mövqeyinin dəstəklənməsi davam etdirilib”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR