Rauf Vəliyev: 20 Yanvar xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib

14:23 16 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, Ceyhun Rüstəmov, AzərTAc
1990-cı il yanvarın 20-dən - sovet qoşunlarının Azərbaycanda törətdikləri qanlı qırğından 25 il ötür. 20 Yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq ruhunu qıra bilmədi, Azərbaycanın tarixinə parlaq səhifə yazdı, müstəqilliyimiz üçün yol açdı. Ötən illər ərzində Azərbaycan xalqı öz şəhidlərini nəinki unutmayıb, əksinə, onların qəhrəmanlıqlarını əbədi olaraq yaddaşlara həkk edib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi də Vətənimizin azadlığı, ərazi bütövlüyü, dövlətçiliyimizin qorunması uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini daim uca tutur.
AzərTAc xəbər verir ki, faciənin ildönümü ərəfəsində - yanvarın 16-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də anma mərasimi keçirilib.
Əvvəlcə dənizçilər şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Bədnam Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar addımlarının açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalqa qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən tutmaqda davam etdilər: “Onların əksinə olaraq, həmin vaxt Moskvada yaşayan, xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəlib, qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb”.
“20 Yanvar xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib”, - deyən R.Vəliyev qeyd edib ki, dənizçilərimiz o günlərdə əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərərək, sovet hərbçilərinin təcavüzünə əzmlə sinə gərdilər. Həyatlarını ölümə atan dənizçilərimiz xalqımızla birlik nümayiş etdirərək tarix yazdılar. Xalqımız qanı bahasına olsa da, istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu.
Sonra Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev, 20 Yanvar faciəsinin şahidləri olan dənizçilər Faiq Səfərov, Kərəm Məmmədov, Səyyad Hacıyev və başqaları 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qanlı faciənin mahiyyətindən danışdılar. Bildirildi ki, 20 Yanvar hadisələrində xalqımızın haqq səsinə dəstək olan dənizçilər 120-dək gəmi ilə Bakı buxtasında lövbərə dayanaraq həyəcan siqnalı verməklə, qırğına etirazlarını bildirdilər. Buxtanı mühasirəyə alan dənizçilər bununla hərbi gəmilərin sahildən uzaqlaşmasına icazə vermədilər. Sovet ordusunun hərbçilərinin gəmiləri gülləbarana tutmaları nəticəsində, dənizçilər də şəhidlər verdi, 52 nəfər həbs olundu. Həmin vaxt Bakıda törədilən qırğın barədə xəbəri xaricə də məhz gəmilərin həyəcan siqnalı vasitəsilə dənizçilər çatdırmışdılar.
Vurğulandı ki, 20 Yanvar kədər və matəm günü deyil, milli-azadlıq hərəkatının başlandığı, xalqın imperiya xofundan azad olduğu, şüurlarda inqilabi dəyişikliklərin baş verdiyi qürur və şərəf günüdür. XX əsrdə totalitar sovet rejiminin həyata keçirdiyi ən qanlı terror aksiyasından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı törədilən cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəlmiş dəhşətli qırğındır. Xalqımız bu qanlı faciəni heç vaxt unutmayacaq.
Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə baxdılar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rauf_Veliyev_20_Yanvar_xalqimizin_musteqillik_azadliq_ugrunda_mubarizesinin_ve_yenilmez_iradesinin_remzine_chevrilib-825266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR