Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik

Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
14:52 16 Yanvar 2015
407 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu ilə birgə 2013-2014-cü illər ərzində aparılan tədqiqatların nəticəsinə əsasən, ölkədə ilk dəfə olaraq əmtəə nərəçiliyinin innovasiya metodu ilə yaradılması və inkişafı konsepsiyasını hazırlayıb.

İnstitutun direktoru İlham Ələkbərov Trend-ə deyib ki, Xəzər dənizinin su hövzələrində nərə balıqlarının sayı son illərdə faciəvi surətdə azalır. Nərəkimilərin ehtiyatı sürətlə azaldığından məhsulun qiyməti də ildən-ilə yüksəlir. Avropada və Amerikada nərə balıqlarının ətinin 1 kq-nın qiyməti 18 dollardan 22 dollara çatır. ABŞ və Avropa İttifaqı ölkələrində qara kürünün qiyməti isə 4 min dollardan 9 min dollara qədər dəyişir.

İnstitut direktorunun sözlərinə görə, müasir dövrdə balıq ovu və istehsalı əhalinin tələbatının 25-30%-ni təmin edir.

Nərə balığının məhsullarına böyük tələbatın həmişə olduğunu və bundan sonra da olacağını deyən İ.Ələkbərov qeyd edib ki, əgər Xəzəryanı dövlətlər nərə balıqlarının müxtəlifliyini qoruyub saxlamaq üçün kollektiv proqram hazırlamasalar, yaxın illərdə Xəzərdə nərə balıqları bioloji növ kimi məhv ola bilər.

İnstitut direktorunun sözlərinə görə, Azərbaycanda nərəçilik təsərrüfatlarının geniş şəbəkəsini qurmaq üçün əlverişli şərait var. Əgər belə təsərrüfat qurularsa, əhali 3-5 ildən sonra nərəkimilərin ehtiyatı ilə aşağı qiymətlə təmin olunacaq:

“Yeni təsərrüfatlar yarandıqca qiymət daha da aşağı duşəcək. Satışda fermalarda yetişdirilmiş nərəkimilərin ucuz əti çoxaldıqca, ölkədə brakonyerlik qeyri-gəlirli olacaq. Xəzər dənizinə nərəkimilərin körpələrinin buraxılması üçün əmtəə nərəçiliklə balıq zavodlarının işinin birləşdirilməsi Xəzər nərəkimilərinin təbii ehtiyatlarının bərpası üçün güclü stimul ola bilər”.

Onun sözlərinə görə, təbii populyasiyadan alınan qara kürünün əsas istehsalçısı İran, Rusiya, Qazaxıstan və Azərbaycan hesab edilir. İran, Rusiya və Qazaxıstanda nərə balığını yetişdirən təsərrüfatlar olsa da, Azərbaycanda bu cür fəaliyyət göstərən təsərrüfatlar yoxdur. Azərbaycanda Xıllıda olan balıqartırma zavodunda, əsasən, Xəzər dənizinə buraxmaq üçün körpə nərə balıqları alınır və dənizə buraxılır: “Etiraf etmək lazımdır ki, Azərbaycan nərə satışında digər ölkələrdən çox geri qalır. Dünyada nərəkimilərin çoxaldılması üçün ilk balıq zavodunu tikən, kürütökmə üçün hipofizar inyeksiyaları tətbiq edən ölkə olmağımıza baxmayaraq, nərəçilikdə geridə qalmışıq”.

İ.Ələkbərov deyib ki, bu problemin həlli üçün yeni hazırlanan konsepsiyada Azərbaycanda ilk pilot innovasiya layihəsi – 45 ton əmtəə balığı gücünə malik nərə təsərrüfatı (balıq və digər su canlılarının qapalı su təchizatı qurğularında yetişdirilməsi üçün akvakultura) yaradılması təklif edilir: "Artıq qapalı qurğular metodu ilə 45 ton nərə balığının yetişdirilməsinin biznes planı da hazırlanıb. Bu plana əsasən, yetişdirmə zamanı nərə balığının körpə fərdlərinin kütləsi 10 qr olduğu halda, bir ildən sonra onun çəkisi 2 kq-a çatır. Sonrakı hər ildə onun çəkisi orta hesabla 2 kq artır. Yəni 3 ildə nərə balığının kütləsi 6 kq-a çatır".

İnstitutun direktoru deyib ki, texnoloji layihənin dəyəri 20 min avrodur. İstehsalçılar üçün isə balıqartırma cihazlarının qiyməti (nəqliyyat və gömrük xidmətləri nəzərə alınmadan) 250 min avroya başa gəlir: "İldə 45 ton nərə balığının yetişdirilməsi üçün nəzərdə tutulan qapalı su təchizatı qurğusunda istənilən növ balığı yetişdirmək və kompleksin bütün işini avtomatlaşdırmaq olar".

Onun sözlərinə görə, nərə təsərrüfatı yaradıldıqdan sonra Azərbaycan əhalisi təzə delikates balıq əti ilə təmin ediləcək. Təsərrüfatlarda yetişdirilmiş balığa aşağı qiymətin verilməsi brakonyerliyi qeyri-rentabelli edəcək və nəticədə brokonyerlik problemi həll olunacaq: “İnkişaf etmiş əmtəə nərəçiliyi gələcəkdə təsərrüfatlarda ana sürüləri saxlamağa imkan verəcək. Broyler toyuqlarının yetişdirildiyi kimi, nərəçilik də tədricən inkişaf edəcək. Bu layihə Azərbaycan üçün həddindən artıq vacib və gəlirli olmaqla yanaşı, Xəzər dənizinin faunasında unikal olan nərə balıqlarının qorunub saxlanılmasına da imkan verəcək”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR