20 Yanvar – hüzn və qürur günü

15:58 16 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında qanlı Yanvar hadisələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov tarixə bir nəzər salaraq soyuq qış gecəsində sovet ordusunun silahlı birləşmələrinin dinc əhaliyə divan tutmasından danışıb. Xalqımızın tarixi qəhrəmanlığına rəvac verən 20 Yanvar gününün həm də milli hüzn günü olduğunu söyləyib.
Tədbirdə həmin günlərdə televiziyanın enerji blokunun partladılmasından, qəzetlərin çıxmamasından, informasiya qıtlığından, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsindən söhbət açılıb.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair və publisist Vaqif Bəhmənli həmin gün keçmiş sovet dövlətinin hərb maşınlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını qeyd edib. Həmin dövrdə 20 Yanvar faciəsini daha çox işıqlandıran “Səhər” qəzetinin əməkdaşı kimi bu qəzetin çıxmasında fədakarlıq göstərən insanlardan söhbət açıb.
Tədbirdə yeni çapdan çıxan “Qara Yanvar dialoqu” kitabı haqqında məlumat verilərək bildirilib ki, nəşrə “Səhər” qəzetinin yaradıcı və texniki qrupuna rəhbərlik etmiş Məzahir Süleymanzadə və Şakir Yaqubovun dialoqu daxil edilib.
Kitabın müəllifləri Məzahir Süleymanzadə və Şakir Yaqubov çıxış edərək kitabın ərsəyə gəlməsindən, materialların ürək ağrısı ilə toplanıb tədqiq olunmasından danışıblar. Bildirilib ki, kitabda indiyə qədər heç yerdə çap olunmayan rəsmi sənədlərdən və materiallardan da istifadə olunub.
Tədbirdə “Aytam” uşaqların mədəni maarifləndirilməsi ictimai birliyinin üzvləri hadisələrə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonra tədbir iştirakçıları qanlı hadisələri özündə geniş əks etdirən “20 Yanvar – hüzn və qürur günü” adlı kitab sərgisi ilə tanış olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar___huzn_ve_qurur_gunu-825309

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR