Pakistanda “20 Yanvar şəhidləri bulağı”nın açılışı olub

Pakistanda “20 Yanvar şəhidləri bulağı”nın açılışı olub
17:13 16 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


İslamabad, 16 yanvar, AzərTAc
Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “20 Yanvar şəhidləri bulağı”nın açılış mərasimi keçirilib.
Qucarxan şəhərinin İbn-e-Xaldun Akademiyasında təşkil olunan mərasimdə akademiyanın rektoru Qazi Məhəmməd İmran 25 il əvvəl Bakı şəhərində törədilmiş 20 Yanvar faciəsi haqqında danışıb. Bildirilib ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları dinc əhalini, o cümlədən uşaqları, qocaları və qadınları qəddarlıqla qətlə yetirib. O, faciəli, həm də şərəfli 20 Yanvar gecəsinin Azərbaycanın müstəqilliyinə gedən yol olduğunu söyləyib.
Tədbirdə çıxış edən bölgə bələdiyyəsinin rəisi Raja Rizvan Nazim, Təhsil Nazirliyinin təmsilçisi Məhəmməd Azad və tanınmış siyasətçi Muştaq İştiaq Çoudri 20 Yanvar faciəsi haqqında söhbət açıb, sovet ordusunun amansızlığı nəticəsində bir gecənin içində müxtəlif dinlərin və millətlərin nümayəndələri olan 150-yə yaxın günahsız insanın qətlə yetirildiyini bildiriblər. Qeyd edilib ki, hərbçilərin hədə-qorxusuna baxmayaraq, şəhidlərin dəfn olunması mərasiminə bir milyondan çox azərbaycanlı qatılıb. Qanlı Yanvar hadisələrinin əsl məqsədinin müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək olduğu diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Media Forumunun baş katibi Raja Cavid Batti qardaş ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrindən danışıb. O, “20 Yanvar şəhidləri bulağı”nın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə inşa edildiyini xatırladıb. Bildirilib ki, layihə çərçivəsində içməli su qıtlığından əziyyət çəkən bu regionda alternativ enerji ilə işləyən iki artezian quyusu qazılıb. Bu bulağın açılmasının bölgə sakinləri üçün mühüm hadisə olduğunu qeyd edən Raja Cavid Batti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirib.
Mərasimdə çıxış edən səfir Daşqın Şikarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qanlı Yanvar hadisələri barədə məlumat verib. Qeyd edib ki, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də sınmadı, Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdi. Səfir vurğulayıb ki, 20 Yanvar hadisələrindən dərhal sonra xalqımızın böyük oğlu ümummilli lider Heydər Əliyev təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək bu aksiyanı qəti şəkildə pisləyib. Diplomat Qanlı Yanvar faciəsinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğunu bildirib, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu vurğulayıb.
Daşqın Şikarov faciənin 25-ci ildönümü ərəfəsində Heydər Əliyev Fondu tərəfindən icra edilmiş su təchizatı layihəsinə “20 Yanvar şəhidləri bulağı” adının verilməsini yüksək qiymətləndirib, Pəncab əyalətinin rəhbərliyinə minnətdarlıq edib.
Tədbirin sonunda akademiyada təhsil alan şagirdlər tərəfindən Qara Yanvar faciəsini əks etdirən səhnəciklər nümayiş etdirilib, şəhidlərin ruhuna dualar oxunub, ehsan verilib.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
İslamabad


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistanda_20_Yanvar_sehidleri_bulaginin_achilisi_olub-825331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR