Zooparkda sualtı Şaxta baba görənləri çaşdırır (VİDEO)

Zooparkda sualtı Şaxta baba görənləri çaşdırır (VİDEO)
23:50 24 Dekabr 2014
205 Digər
Ölkə mətbuatı
A- A+

Bütün dünya Milad bayramına hazırlıqlarını başa vurub. Bayram ərəfəsində şəhərlər sanki yarışa giriblər.

ANS TV-nin məlumatına görə, Ginnesin Rekordlar Kitabına düşməyi hədəf seçənlər də var.

Uzaq Laplandiya diyarında yaşayan Şaxta Baba uşaqlara Yeni il hədiyyələrini çatdırmaq üçün “Milad səyahətinə” start verib. Hədiyyə torbalarını Dünyanın 4 bucağında yaşayan uşaqlara və böyüklərə bəxş edəcək Şaxta Baba və onun 8 maralı, bu il milyona yaxın arzu məktubu qəbul etdiyini deyir.

Şaxta Baba öz ağ saqqalı, qırmızı kürküylə Milad gecəsi peyda olaraq sobaların borusundan evlərə daxil olacaq və sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr yerləşdirəcək.

ABŞ-ın Nyu-York şəhərində isə Milad ab-havası xüsusilə Dayker Hayts adlanan yerdə hiss olunur. Bruklin yaxınlığında yerləşən bu ərazi Milad işıqları və dekorasiyaları ilə məşhurdur. Nyu-Yorkun bu bölgəsi “Milad gözəlliyinin paytaxtı” və “Milad işıqlarının kralı” adlandırılır.

Milad bayramı ərəfəsində müxtəlif ölkələr Milad attraksionlarının gözəlliyi ilə bir-birilə yarışır. Növbəti belə attraksion Bosniyanın Rastani şəhərində təşkil edilib. Burada fermerlərdən biri öz evini 15 min kiçik lampa ilə bəzəyərək, Milad attraksionu yaradıb. Rəngarəng işıqlar evi, onun həyətindəki ağacları və fermanı əhatə edir. Attraksion sahibi gələcəkdə kiçik lampaların sayını daha da artıraraq, Ginnesin Rekordlar Kitabına düşməyi hədəf götürüb.

Avstraliyada isə Melburn Akvariumuna gələnləri Milad sürprizi gözləyib. Nəhəng akvariuma gələnlər, suda üzən Şaxta Baba ilə qarşılaşıblar. Şaxta Baba kostyumu geyinmiş dalğıc məhz xüsusi olaraq Milad bayramı üçün hazırlanmış üzmə hərəkətləri edərək hər kəsin marağına səbəb olub.

Meksikada Şaxta Baba yeni funksiyada nümayiş olunub. Yerli zooparkda sualtı Şaxta Baba ziyarətçiləri təəccübləndirib. Bu Şaxta Baba Yeni il və Milad bayramı günlərində heyvanat bağçasında turistlərin qarşısına çıxacaq. Bu zoopark Latın Amerikasının ən böyük heyvanat bağçalarından biri hesab olunur.

Qərb sahilinin Vifleem şəhərində isə fələstinlilər mərkəzi meydanda Yeni il yolkasının alternativini ucaldıb. Yeni il ağacı oyuncaqlar əvəzinə, toqquşmalarda İsrail təhlükəsizlik qüvvələrinin istifadə etdiyi gözyaşardıcı qaz balonları ilə bəzəyib.

Fələstində etirazçılarla yəhudi əsgərlər arasında toqquşmalar az qala gündəlik hadisə olduğundan və gözyaşardıcı qaz müntəzəm istifadə olunduğundan, sakinləri bu dırnaqarası “oyuncaqları” tapmaqda çətinlik çəkməyib. Təşkilatçılar bu yolkanın, İsrail-Fələstin münaqişəsinin davam etdiyinə dair dünyaya bir yeni il ismarıcı olduğunu bildirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR