Avropa Oyunlarının başlanğıcında triatlon idmansevərlərin maraq dairəsinin mərkəzində olacaq

Avropa Oyunlarının başlanğıcında triatlon idmansevərlərin maraq dairəsinin mərkəzində olacaq
17:38 16 Yanvar 2015
189 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, Səxavət Quliyev, AzərTAc
Cari mövsüm Azərbaycanda idmanın triatlon növü üçün çox mühüm mərhələ olacaq. Bir az da dəqiqləşdirməli olsaq, Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə əsas sınaq mərhələsi kimi xarakterizə ediləcək. Hazırda bu yarışmalara da çox ciddi hazırlıq görülür. Burada idmançılara stimul verən əsas səbəb də odur ki, Avropa Oyunlarında Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına ilk vəsiqələr qazanılacaq.
Azərbaycan Triatlon Federasiyasının (ATF) icraçı direktoru Azər Məhərrəmov AzərTAc-a eksklüziv müsahibəsində qurumun yenicə start götürən 2015-ci ilə dair planlarını bölüşür.
- Avropa Oyunlarının başlanmasına az vaxt qalır. Artıq indidən iddia etmək olarmı ki, triatlona dair bütün məsələlər həm həll edilib, həm də Avropa Triatlon Şurası, eyni zamanda, Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə razılaşdırılıb?
-Bildiyiniz kimi, bütün yarışların təşkili ilə bilavasitə Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) məşğul olur. Buraya həm də triatlona cavabdeh olan mütəxəxssislər daxildir. Biz demək olar ki, hər gün triatlon turnirinin texniki tərəflərinin təşkilinə məsuliyyət daşıyan şəxslərlə əlaqədə oluruq. Onlar triatlon yarışlarının keçirilməsinə dair tədbirlərin bütün aspektlərinin 2015-ci ilin iyununadək başa çatdırılmasını əhatə edən iş planı hazırlayıblar. İş planı yarışların məkanından tutmuş, tamaşaçılar üçün tribunalar və idmançılar üçün tranzit zonalara qədər sxem də daxil olmaqla demək olar ki, bütün məsələləri əhatə edir . Təbii ki, BEGOC bu işi bizim iştirakəmızla ən yüksək səviyyədə həyata keçirir. Bu hazırlıq isə faktiki olaraq bütün olimpiadalara hazırlıq səviyyəsindədir. Bütün məsələlər isə Gənclər və İdman Nazirliyi ilə razılaşdırılır və mərhələli şəkildə həll olunur.
- Ötən ilin sonunda Beynəlxalq Triatlon Şurasının dəstəyi ilə Bakıda rəsmi təmsilçilər üçün seminar keçirildi. Yəqin ki, yaxın vaxtlarda bunun davamı da olacaq. Bununla əlaqədar Avropa Oyunlarında triatlon yarışlarında iştirak edəcək komanda nə dərəcədə formalaşdırılıb?
-Doğrudan da, ötən il BEGOC-un təşəbbüsü ilə “Bakı-2015” könüllülərinin, texniki və administrativ heyətin, Azərbaycan Triatlon Federasiyasının, gənclərdən ibarət komanda üzvlərinin və məşqçi heyətinin iştirakı ilə ilk belə seminar təşkil olundu. Bu, Avropa Oyunları zamanı idmanın triatlon növünə cavabdeh olan hər bir şəxs üçün təşkil edilmiş ilk belə seminar idi. Bu, çox vacibdir, çünki Azərbaycanda bu idman növünə dair hələlik təcrübə yoxdur. Ona görə də Avropa Oyunlarında triatlon yarışlarına hər hansı formada cəlb ediləcək şəxslər bilməlidirlər ki, bu idman növünün əsas xüsusiyyətləri nədən ibarətdir. Məsələn, götürək könüllüləri. Onlara çoxlu suallar veriləcək, qarşılarına konkret tələblər qoyulacaq. Könüllülər bu vəziyyətlərdə vaxtında və dəqiq addım atmalı olacaqlar.
Təsəvvür edək ki, triatlon yarışlarını izləməyi planlaşdıran şəxs idmançıların harada su distansiyasını keçəcəkləri, harada suya girib hansı tərəfdən çıxacaqları, tranzit zonaya necə keçib velodistansiyanın qət edilməsinə başlayacaqları və onların hansı məkandan qaçışa başlayacaqları barədə tam dolğun məlumat əldə etmək istəyir. Sözsüz ki, bundan baş çıxarmayan tamaşaçı konüllüləri sorğu-suala tutacaq. Yeri gəlmişkən, triatlon yarışları Bilgəh qəsəbəsindəki “Amburan Resort”un yığcam bir ərazisində keçiriləcək. Bütün sadalananları nəzərə alaraq bu seminarların vacibliyi özünü qabarıq şəkildə büruzə verir. Bu, könüllülər, texniki heyət, məşqçilər və əsas iştirakçılar üçün eyni dərəcədə çox vacibdir.
- “Bakı-2015” ərəfəsində yoxlama mahiyyəti daşıyan hər hansı bir yarışların keçirilməsi nəzərdə tutulurmu?
-Azərbaycan Triatlon Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyilə bir sıra tədbirlər hazırlayır. Məsələn, fevralın sonu martın əvvlində hərbiçilər arasında akvatlon üzrə açıq cempionatın keçirilməsi nəzərdə tutulur. Özündə üzgüçülük və qaçışı ehtiva edən bu idman növü triatlonun ayrılmaz hissələrindəndir. Bu yarışda nəinki Azərbaycan hərbiçilərinin, habelə milli komandamızın üzvlərinin və xaricdən qonaqların da iştirakı gözlənilir. Mən burada ilk növbədə qardaş Türkiyənin Triatlon Federasiyasını nəzərdə tuturam. Onların komandası çox güclüdür. Yəqin sual yarana bilər ki, niyə məhz akvatlon? Sadəcə, burada bir faktı nəzərə almaq lazımdır ki, bizim çox az vaxtımız qalır. Bu turnir Avropa Oyunları ərəfəsində bizə təcrübə, bilik və bacarıq toplamaq baxımından çox mühümdür. Özü də buraya biz BEGOC nümayəndələri və könüllüləri də cəlb etmək niyyətindəyik.
-Proqrama əsasən, Avropa Oyunları demək olar ki, triatlon yarışı ilə açılacaq. Şəxsən sizin üçün bu, nə dərəcədə həyəcanlı məqamdır?
-Biz çox xoşbəxtik ki, təmsil etdiyimiz idman növünə “Bakı-2015”də belə önəmli yer ayrılıb. Bizim komanda Oyunların açılış mərasimindən sonrakı iki gün ərzində çıxış edəcək. Bu prizmadan yanaşılsa, tam əminliklə demək olar ki, triatlon idmansevərlərin maraq dairəsinin mərkəzində olacaq. Ümidvaram ki, tamaşaçıların əksəriyyəti triatlon yarışlarını izləyəcəklər. Doğrudur, bu, həyəcanı artıran məqamdır, amma digər tərəfdən bu, millimiz üçün sırf psixoloji baxımdan həm də böyük təzyiqdir. Yəni Avropa Oyunlarının artıq ilk günlərində biz nəticələri gözləyəcəyik. Bütün bunlar bizi bu yarışmalara daha ciddi hazırlaşmağa vadar edir.
-Azərbaycanın triatlon yığması Avropa Oyunlarından hansı nəticələri gözləyə bilər? Axı, bizdə bu idman növü hələ ilk addımlarını atmaqdadır, necə deyərlər...
-Bir az uzaqdan başlayım. Bizim məqsədimiz çox qısa və sadədir – triatlonun ölkə gəncləri arasında, müxtəlif şəhər və bölgələrdə inkişaf etdirilməsi, sevilməsi üçün əlimizdən gələni etmək. Bu böyük məqsədə doğru ən önəmli yol da “Bakı-2015” Avropa Oyunlarıdır. Bu yarışlara veriləcək qiymət nə vaxtsa tarixə düşəcək. Bu, çox böyük bir hadisədir, onun əhəmiyyətini biz indi anlaya bilmərik. Bununla belə “Bakı-2015” birinci Avropa Oyunları Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqda növbəti mərhələ olaraq bizim üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə, lisenziya qazansaydıq xoşbəxt olardıq. Bütün gizli məqamları, sirləri mən indidən açıqlamaq istəməzdim, amma biz Olimpiadaya heç olmasa bir vəsiqə qazanmağı nəzərdə tutmuşuq. Daha bir məqsdimiz – dünya triatlon ierarxiyasında layiqli yer tutmaqdır ki, burada da əsas məsuliyyət birinci və gənclərdən ibarət yığmaların üzərinə düşür. Məsələn, Azərbaycan yığmasının üzvü Rostislav Pevtsov dünya reytinqində 34-cü pillədədir. Lakin bu fakt bizi ruhdan salmır, əksinə, daha da irəliləmək, reytinqdə mövqeləri möhkəmlətmək və ilk iyirmiliyə daxil olmaq üçün əzmkarlığımızı daha da artırır. Biz çox gözəl anlayırıq ki, Bakıya yaxşıların yaxşıları gələcək və qarşımıza qoyulan ən çətin vəzifə - medal qazanmaqdır. Anlayırıq ki, indiki məqamda bu, bir qədər qeyri-realdır. Bu gün qarşımızda duran əsas vəzifə layiqli çıxış etməkdir. Bütün bunlarla yanaşı, əsas hədəfimiz 2020-ci ildə Tokioda keçiriləcək Olimpiada da iştirak etməkdir. Bu yarışlara vəsiqə qazanmaq üçün həmin ərəfədə artıq indiki gənclərdən ibarət komandanın üzvləri səy göstərəcəklər. Onlar çox inadkar və zəhmətkeşdirlər. Bir çox mötəbər beynəlxalq yarışlarda özlərini göstərməyi və haradasa hətta təəccübləndirməyi də bacarıblar. Bu idmançılarımız məşqlərini Şağan Olimpiya İdman Kompleksinin bazasında keçirirlər.
-Yeri gəlmişkən, beynəlxalq təqvim planına nəzər yetirdikdə, proqramın həmişəki kimi çox sıx olduğu görünür. Bu baxımdan Avropa Oyunlarını da nəzərə almaqla komandanın bu mövsüm üçün strategiyası əsasən nədən ibarət olacaq?
-Bu işin bütün peşəkar aspektlərini biz başda Sergey Yatsenko olmaqla məşqçi heyətinə həvalə etmişik. Artıq hazırlıq planı təsdiqlənib. Hazırlıq planı tamamilə Avropa Oyunlarından irəli gələn vəzifələrə uyğun qurulub. Şübhəsiz, başlıca məqsəd Bakıda layiqli çıxış etməkdir. Buna görə də bütün hazırlıq startlarından maksimum faydalanmaq, onlardan səmərəli istifadə etmək və yüksək hazırlıq göstərməkdir. Həm də nəzərə almalıyıq ki, Bakıya yaxşıların yaxşıları gələcəklər. Bu komandalara, o cümlədən də məşqçi və idmançı heyətinə Avropanın böyük triatlon ailəsi tərəfindən maraq daha yüksəkdir.
-Yığma komandamız yeni mövsümün hazırlığına başlayıbmı?
-Bəli, özü də çox fəal. Əvvəlcə idmançılar baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə Yaltada məşq ediblər. Bir neçə gün əvvəl isə Larnakaya yola düşüblər. Kipr triatlon üzrə təlim-məşq toplanışları ilə məşhurdur. Bu məkana çoxlu sayda komanda və adlı-sanlı idmançılar gəlirlər. Hər şey kifayət qədər yaxşı keçir və ümidvarəq ki, mövsümün elə başlanğıcından yığmamız özünü göstərməyi bacaracaq. Əgər ötən mövsümə nəzər salsaq komandamıza “4” qiyməti vermək olar. Biz ilk beynəlxalq medallar əldə etmişik. Bu, bizim bu günə olan fəxr mənbəyimizdir.
-Yanvarın sonunda Böyük Britaniyada Avropanın Triatlon Federasiyaları rəhbərlərinin ənənəvi konfransı keçiriləcək. Bu forum çərçivəsində “Bakı-2015”in təqdimatı olacaqmı?
-Sözsüz. Əslində bu təqdimat hələ ötən il Frankfurt forumunda baş tutmuşdu. Həmin forumda biz söhbətin əsas məğzini yarışmanın idman nöqteyi-nəzərdən vacibliyinə və ümumilikdə Avropa Oyunları ilə tanışlıq xarakterli məlumatlara yönəltmişdik. Böyük Britaniyada isə təqdimat “Welcome to Baku” mövzusunda olacaq. Burada bir məqsəd var- Avropa Oyunlarını daha geniş idman ictimaiyyəti üçün daha da cəlbedici etmək. Bunun da sayəsində burada güclülərin güclüləri olacaq. Bizdə olan məlumata görə, Bakıya dünya triatlonunun bütün elitası təşrif buyuracaq, çünki həm də buradakı start Olimpiadaya vəsiqələr qazanmaq baxımından çox böyük önəm daşıyacaq. İdmandan başqa, bu şəxslər özləri üçün Bakını kəşf etmək niyyətindədirlər. Onlar bizim tarixi və görməli abidələrimizi ziyarət etmək, muzeylərimizə getmək, milli mətbəximizin incilərindən dadmaq istəyirlər. Bütün bunlar qarşıdan gələn Avropa Oyunlarının ayrılmaq hissəsidir. Təsadüfi deyildir ki, əksər mütəxəssislər “Bakı-2015”i miqyasına görə artıq indidən Olimpiada ilə müqayisə edirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Oyunlarinin_baslangicinda_triatlon_idmanseverlerin_maraq_dairesinin_merkezinde_olacaq-825354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR