Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
18:08 16 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Yanvarın 16-da Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.
Mətbuat Şurasından AzərTAc-a bildiriblər ki, əvvəlcə qurumun 2014-cü il üçün hesabatı ətrafında müzakirələr aparılıb.
Şuranın sədri Əflatun Amaşov bildirib ki, ötən il qurumun fəaliyyətindəki başlıca xətt daxil olan şikayətlərin araşdırılmasından ibarət olub. Bununla yanaşı, Şura birgə müsabiqələr, kitab təqdimatları, yubiley mərasimləri, müxtəlif tematik toplantılar, bir sıra beynəlxalq konfranslar keçirib, milli mətbuatımızın inkişafında, ictimai fikir tariximizdə rolu olan görkəmli şəxsiyyətlərin yaradıcılıq yolundan bəhs edən sənədli filmlərin çəkilişini reallaşdırıb. Həmçinin qurum dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn işləri gerçəkləşdirib, ali məktəblərin jurnalistika fakültələrinə qəbulda qabiliyyət imtahanlarının təşkilində yaxından iştirak edib, müxtəlif aksiyalarda və 23 dekabr bələdiyyə seçkilərində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.
Bildirilib ki, Şura üzvləri ölkəmizdən kənarda keçirilən beynəlxalq konfranslara da qatılıblar.
Hesabatın müzakirəsi zamanı İdarə Heyətinin üzvləri - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli fikirlərini bildiriblər. Hesabat ümumən məqbul qiymətləndirilib və bəzi əlavələrin olunması zəruriliyi nəzərə alınmaqla qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ Şuraya üzvlük qaydalarının layihə mətninin müzakirəsi olub. Ə.Amaşov bildirib ki, hazırda Şuranın 230-a yaxın üzvü var. İndiyədək üzvlərin qəbulu qurumun nizamnamə tələblərinə uyğun aparılıb. Qaydalar isə mövcud sahədəki proseduru daha da təkmilləşdirmək məqsədi daşıyır.
İclasda müzakirə edilən növbəti məsələ Mətbuat Şurasının 2015-ci il üçün iş planı olub. Habelə 2015-ci ildə milli mətbuatımızın 140 illiyinin keçirilməsi ilə bağlı silsilə tədbirlərin təşkili məsələsi diqqət mərkəzində olub. Bu və digər təkliflər də nəzərə alınmaqla iş planı məqbul qiymətləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Metbuat_Surasi_Idare_Heyetinin_iclasi_kechirilib-825365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR