"Yuxu xəstəliyi" müəmması davam edir

"Yuxu xəstəliyi" müəmması davam edir
19:17 16 Yanvar 2015
360 Maraqlı
Ölkə mətbuatı
A- A+

Son bir neçə ildə Qazaxıstan, eləcə də dünya ictimaiyyətinin diqqəti Qazaxıstanın Akmola vilayətinin Esil rayonunun Kalaçi kəndində baş verən və belə demək mümkünsə, yuxu gətirən müəmmalı hadisələrə yönəlib.
 
Buna da səbəb 2013-cü ilin yazından başlayaraq Kalaçi kəndində yaşayan əhali arasında “yuxu xəstəliyi”nin geniş yayılmasıdır. Əvvəlcə, burada yaşayan sakinlərin bəziləri arasında qəribə, uzunmüddətli yuxuya getmə halları müşahidə edilməyə başladı. İlk vaxtlar yerli əhali bunun təsadüfi bir simptom olduğunu zənn edərək, müvafiq orqanlara müraciət etmədilər. Amma yerli əhali tərəfindən qəribə, müəmmalı “yuxu xəstəliyi” adı verilən bu xəstəlik sakinlər arasında geniş yayılmağa başladı. “Yuxu xəstəliyi”nə tutulanlar bir neçə gün yerindən dura bilmir, duranda isə bir neçə saat sonra yenidən yuxuya gedirdilər.

Bu qəribə xəstəliyə tutulanlar yatmaq istəmədiklərini ancaq yuxunun onlara güc gəldiyini və həmin an da sanki göz qapaqlarından ağır bir daş asıldığını söyləyir, zəiflikdən, yaddaşlarını itirmələrindən, hallüsinasiyadan (gözəgörünmələr) şikayətlənirdilər. O vaxt yerli tibb işçiləri və həkimlər bu xəstəliyə tutulanları uzun müddət müalicə etsələr də, onun səbəblərini tapa bilmədilər. Ona görə də müəmmalı xəstəliklə bağlı tibb ocaqlarına müraciət edən yerli sakinlərə həkimlər “qeyri-müəyyən etiologiyanın ensefalopatiyası” diaqnozu qoymaqla kifayətlənməli oldular. Əvvəlcə, hamı belə hesab edirdi ki, bu xəstəlik müvəqqəti, keçici bir simptomdur və tezliklə buna son qoyulacaq. Amma xəstəliyə tutulanların sayı artmaqda davam edirdi. Belə ki, qısa müddətdə 34 nəfər “yuxu xəstəliyi”nə yoluxdu. 2013-cü il noyabr ayının 28-də isə “yuxu xəstəliyi” bir gündə 100-dən artıq sakinin yatağa düşməsinə səbəb oldu.

Buna paralel olaraq, müəmmalı xəstəlik qonşu Berezovski kəndində də müşahidə edilməyə başladı. Berezovski kəndində “yuxu xəstəliyi”nə tutulanlar Kalaçidəki analoji xəstələrlə müqayisədə onu daha ağır formada keçirirdilər. Belə ki, Berezovski kəndində yaşayan və “yuxu xəstəliyi”nə tutulan sakinlər arasında qıcolma, çılğınlıq, özlərini idarə edə bilməmək, birdən-birə hüşunu itirərək yerə yıxılaraq ağır zədələr alma halları müşahidə edilirdi. Qısa müddətdə Berezovski kəndində də 150 yerli sakin bu müəmmalı xəstəliyə yoluxdu.
 
Əhali arasında müəmmalı “yuxu xəstəliyi” ilə bağlı təşvişin artması və xəstəliyin arealının genişlənərək qonşuluqdakı Berezovski kəndinə də keçməsi, nəhayət ki, müvafiq qurumları hərəkətə keçməyə məcbur etdi. Qazaxıstan Səhiyyə Nazirliyi müəmmalı “yuxu xəstəliyi”nin səbəblərini araşdırmaq üçün Kalaçi və Berezovski kəndlərinə ən təcrübəli həkimlərdən təşkil olunmuş xüsusi komissiya göndərdi. Əvvəlcə, belə zənn etdilər ki, “yuxu xəstəliyi”nə səbəb yaxınlıqdakı fəaliyyətini dayandıran uran mədənləridir. Ona görə də xüsusi komissiya, ilk növbədə, ərazidəki radiasiya fonunu ölçdü. Amma ərazidə radiasiya fonu normadan yuxarı deyildi. Buna baxmayaraq, 1 ay ərzində xüsusi komissiya gecə-gündüz demədən radiasiya fonunu ölçməklə məşğul oldu.

Çünki ən təcrübəli həkimlər belə, hər iki kənddəki “yuxu xəstəliyi”nə tutulan sakinləri müayinə edir, ancaq bunun səbəblərini tapa bilmirdilər. Xəstələrdən götürülən çoxsaylı analizlər də normada idi. Ona görə də xüsusi komissiya belə hesab edirdi ki, müəmmalı xəstəliyə səbəb yalnız günün müxtəlif vaxtlarında radiasiya fonunun artması ola bilər. Lakin xüsusi komissiyanın bir ay ərzində günün bütün vaxtlarında ərazini nəzarətdə saxlamasına baxmayaraq, orada radiasiya fonunun normadan artıq olması müşahidə edilmədi. Məsələ ilə bağlı açıqlama verən Qazaxıstan Milli Elmi Tibb Mərkəzinin direktoru Abay Bayqengin: “Biz bu müəmmalı xəstəliyə tutulanları uzun müddət müayinə etdik. Ancaq xəstəliyin səbəblərini aşkar edə bilmədik. Ona görə də xəstəliyin nədən baş verdiyini ən müasir tibbi aparatların köməyi ilə də müəyyən edə bilmirik”,-dedi.
 
Öz növbəsində, Qazaxıstan Baş Nazirinin birinci müavini Berdibek Saparbayev bildirib ki, “yuxu xəstəliyi” ilə bağlı məsələ Prezident Nursultan Nazarbayevin xüsusi nəzarəti altındadır. O bu xəstəliyə tutulanların xarici elmi tibbi tədqiqatlar institutlarına göndəriləcəyi və orada onların üzərində müşahidələr aparılacağını, xəstəliyin səbəblərinin axtarılacağını deyib.
 
Hadisə yerinə Rusiyadan, Çindən, ABŞ-dan, Yaponiyadan və Almaniyadan məşhur tibb alimləri də cəlb ediliblər. Lakin onlar da bu müəmmalı xəstəliyin səbəbini müəyyən etməkdə aciz qalıblar. 
 
Çıxış yolu əhalinin köçürülməsində görülür
 
Xəstəliyin başvermə səbəblərinin tapılmaması isə ölkə rəhbərliyini müxtəlif yollar axtarmağa məcbur etməkdədir. Bu çərçivədə də Prezident Nursultan Nazarbayevin xüsusi göstərişi ilə Kalaçi və Berezovski kəndlərindən əhalinin qonşu Arşalık və Akmol kəndlərinə köçürülməsinə başlanılıb. Yanvar ayının sonuna kimi 40 ailənin onlar üçün inşa edilən yeni evlərə köçürülməsi planlaşdırılıb. Köçürülmə əməliyyatının bu ilin may ayına kimi başa çatdırılması nəzərdə tutulub.

Bu məqsədlə dövlət büdcəsindən 2 milyard təngə (10 milyon ABŞ dolları) ayrılıb. Lakin Kalaçi və Berezovski kəndlərinin əhalisi köçürülən ərazilərdə yaşayanlar da bundan narahatdırlar. Onlar köçürülənlərin özləri ilə bu xəstəliyi də gətirəcəklərindən və yerli sakinlərin də ona yoluxacağından ehtiyat etdiklərini, bundan narazı olduqlarını açıq şəkildə rəsmi qurumlara bildirməkdədirlər. Amma əhalinin köçürülməsi yolu ilə müəmmalı “yuxu xəstəliyi”ndən xilas olmaq, problemi aradan qaldırmaq mümkün olacaqmı?

Hələ ki, heç kim bu suala dəqiq cavab verə bilmir. Əgər yeni yerlərə köçürülən əhali arasında bu xəstəlik özünü göstərməkdə və ona yoluxanların sayı artmaqda davam edərsə, onda onların ətraf əhalidən təcrid olunmasını nəzərdə tutan addımların atılması qaçılmaz olacaq...
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR