Ülvi Bünyadzadənin Əfqanıstan ağrılarından qəhərlənmiş könlü

19:18 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, Abdulla Suvar, AzərTAc
O, bütün zamanların ən gənc və istedadlı şairi kimi yaddaşlarda qalacaq. O, bəlkə də xoşbəxtlərdəndir ki, ölümü ilə ölməzliyə yol açdı, adını bir millətin tarix salnaməsinə yazdıra bildi. Onun adı bu gün ən vətənsevər, mübariz insanların adı ilə birgə, yanaşı çəkilir. Uyuduğu Şəhidlər xiyabanı isə təkcə mənsub olduğu xalqın yox, həm də Azərbaycana üz tutan ən ali qonaqların ziyarət yerinə çevrilib.
Ömrünün 20-ci qışında, 20 yanvarda bu dünyaya əlvida dedi Ülvi Bünyadzadə. Yaşasaydı 45 yaşını qeyd edəcəkdi. Amma bir xalqın azadlıq dolu sevgisinə qənim kəsilərək Bakıya girən rus əsgərləri neçə-neçə günahsız insanlardan biri kimi ona da rəhm etmədilər, lakin bir yolluq susdura bilmədilər. Düz 25 ildir ki, Bakıdakı Şəhidlər xiyabanında 40-cı qəbirdə dəfn olunan Ülvi Bünyadzadə hər gün gəlib-gedənə tarix dərsi “deyir”.
Ülvinin ədəbi irsinə 200-dən çox şeiri, “Ömür yolu” poeması və “Qansızlar” povesti (hər iki əsəri Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-ə yaxın dünya ədəbiyyatından orijinal tərcümələri (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisinə, dostlarına yazdığı məktublar və.s yazıları daxildir. Ölümündən 4 ay əvvəl yazdığı “And”ı isə yaşadığı ömrünün məzmunu, qayəsidir.
Ülvi Bünyadzadənin indiyədək 8 kitabı çap olunub, onun haqqında xeyli sayda elmi monoqrafiya və məqalələr yazılıb. Şeirləri türk, ərəb, ingilis, fars, rus, özbək, qazax, tatar, türkmən, qırğız, başqırd, tacik və digər dillərə tərcümə edilib...
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünü böyük hüzn və kədər hissi ilə qeyd etdiyimiz bir ərəfədə ölməz şəhidimiz Ülvi Bünyadzadənin iki kitabı çap olunub.
AzərTAc xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan bu kitablardan biri müəllifin dünya ədəbiyyatından tərcümələrini əks etdirən “Qəhərlənmiş könlüm”, digəri isə poema və povestinin toplandığı “Əfqanıstan ağrıları” adlanır.
Kitabların redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Almaz Ülvidir (Binnətova).
Redaktor “Qəhərlənmiş könlüm” kitabına yazdığı “Ülvinin tərcümə dünyası” “Ön zöz əvəzi” yazısında bildirir ki, Ü.Bünyadzadənin bütün yaradıcılığı-istər poeziyası, istər nəsri, istərsə də digər əsərləri mübarizlik və ümumbəşəri ideyalar üzərində köklənib. Bu əsərlərin ana xəttini Vətən müqəddəsliyi, milli azadlıq duyğusu və qeyrətli vətəndaş-oğul obrazının tərənnümü təşkil edir.
Almaz Ülvi yazır: “Təqdim etdiyimizi bu kitaba Ülvinin tərcümələri-dünya ədəbiyyatından çevirdiyi əsərlər daxil edilmişdir. Bu əsərlərin əsas özəlliyi ondan ibarətdir ki, müəllif birbaşa orijinala müraciət etmişdir. Ülvinin yaşadığı sovetlər dönəmində, bütövlükdə ötən əsrin son 70 ilində nəşr olunan tərcümə əsərləri orijinaldan yox, rus dili vasitəsi ilə çevrilirdi.... 20 Yanvar hadisələrindən sonra onun əsərlərini toplayıb çap etmək istəyərkən, xeyli tərcümə əsərləri ilə də rastlaşdım. İnstitut illərində öyrəndiyi müəlliflərin ən dəyərli əsərlərinə müraciət etdiyini gördüm. Orijinaldan olduğuna şəkk-şübhəm yox idi. Çünki, institut kitabxanasından götürdüyü kitabların arasından seçib-tərcümə etmişdir, çevirmələr üzərində dəfələrlə işləməsinə heyrətlənməyə bilmədim”.
Kitabda Ülvi Bünyadzadənin dünya ədəbiyyatından 17 müəllifdən tərcümə etdiyi 19 əsər oxuculara təqdim edilib. Həmçinin bir neçə yarımçıq tərcümələr də var.
Kitabda ölməz şəhidimiz R.Sauti, J.Q.Bayron, P.B.Şelli, T.Hud, A.S.Puşkin, Ç.Kinqzli, Ş.P Gillman, R.Kiplinq,İ.Mixayluçenko və Ç. Makkeyinin şeirlərini incə bir poetik zövqlə, dilimizin tükənməz imkanlarından ustalıqla istifadə edərək tərcümə edib. Lakin işini bununla bitmiş hesab etməyib, bacarığını dünya ədəbiyyatının tanınmış simalarının nəsr əsərlərində də sınayıb. Onun tərcüməsində bu kitabda Mark Tven, O. Henri, J.Bernard Şou, O. Uayld, S.Moem və K.Mensfildin əsərləri yer alıb.
Tərcümə etdiyi əsərlər-hekayələr, şeirlər, pyeslər Ülvi qəlbinin dünya ədəbiyyatına olan sonsuz sevgisinin göstəricisidir.
Ülvi Bünyadzadənin “Əfqanıstan ağrıları” adlı ikinci kitabında yer alan “Ömür yolu” poeması və “Qansızlar” povesti həm ideya- məzmun, həm də baş vermiş tarixi hadisənin dərk edilməsi və obyektiv yanaşma baxımından çox dəyərlidir.
Redaktor Almaz Ülvi “Əfqanlar”ın faciəsi və ya onların naməlum taleyi bədii ədəbiyyatda” başlıqlı “Ön söz əvəzi”ndə yazır: “Hər iki əsərin mövzusu bu gün də canında, ruhunda “əfqan qurşunu” gəzdirən “əfqanlar”ın taleyinə - Əfqanıstanda həlak olmuş azərbaycanlı oğulların (eyni zamanda türk kökənli SSRİ vətəndaşlarının!) xatirəsinə həsr edilmişdir. Sovet ordusuna xidmət etmək adı ilə uzaq Əfqanıstana göndərilən, oraya nə üçün gəldiklərindən, nəyə, kimə “xidmət” edəcəklərindən xəbərsiz oğullarımızın acı taleyi faciə mövzusu kimi qələmə alınmışdır... Bu əsərlərdə- istər “Ömür yolu” poemasında, istərsə də “Qansızlar” povestində Ülvi bir nüansa da diqqət cəmləyir. SSRİ ordusunun baş komandanı Əfqanıstana daha çox türk əsilli xalqları - Azərbaycan, özbək, tatar, türkmən, qazax, qırğız, çuvaş, kumık, qaqauz... gənclərini göndərirmiş”.
... Bu kitabları vərəqləyərkən bir dha Ülvi Bünyadzadə istedadı, vətənsevərliyi zəhməti qarşısında heyrətlənməyə bilmirsən. Dünyadan vaxtsız köçməsinə baxmayaraq o, ətrafındakı hadisələrə biganə qalmamış, Tanrının ona bəxş etdiyi istedadı sayəsində öz qəlbindən keçənləri şeirin, sözün dili ilə geniş kütləyə çatdırmağa çalışmışdır.
Qısa, lakin şərəfli bir ömür yaşamış ölməz şəhidimizin yeni kitabları heç şübhəsiz hər bir oxucunun ürəyinə yol tapacaq və böyük maraqla qarşılanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulvi_Bunyadzadenin_Afqanistan_agrilarindan_qeherlenmis_konlu-825401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR