“İto Şimbun” qəzeti İto şəhərinin nümayəndələrinin Azərbaycana gözlənilən səfəri barədə yazır

“İto Şimbun” qəzeti İto şəhərinin nümayəndələrinin Azərbaycana gözlənilən səfəri barədə yazır
19:23 16 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+


Tokio, 16 yanvar, AzərTAc 
Yaponiyanın Azərbaycanın İsmayıllı rayonu il qardaşlaşmış İto şəhərinin mətbu orqanı “İto Şimbun” qəzeti bu şəhərin “International Homestay Club” təşkilatının nümayəndələrinin ölkəmizə planlaşdırılan səfəri barədə məqalə dərc edib.
Səfərin məqsədi barədə məlumat verən təşkilatın sədri xanım Kazuko İşida xatırladıb ki, 2013-cü ilin noyabrında Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri arasında dostluq mübadiləsi haqqında saziş imzalanıb. Sazişə müvafiq olaraq, İsmayıllı rayonunun məktəbləri və rayon təhsil şöbəsinin müdiri ötən ilin avqustunda Yaponiyaya səfər ediblər. Səfər çərçivəsində azərbaycanlı məktəblilər Tokio və İto şəhərlərində müxtəlif tədbirlərə qatılıblar. Proqrama uyğun olaraq, yapon ailələrində yaşayan İsmayıllı məktəbliləri burada özlərinə çoxlu sayda dost da tapıblar.
Azərbaycana planlaşdırılan səfər barədə məlumat verən xanım K.İşida bildirib ki, fevralın 18-dən 24-dək davam edəcək səfərdə təşkilatın üç üzvü iştirak edəcək. Səfərin Yaponiyada məşhur olan Hina maçuri (Qızlar bayramı) ərəfəsinə təsadüf etməsinə diqqət çəkən K.İşida həmin bayramın rəngarəng milli gəlinciklər sərgisi ilə əlamətdar olduğunu qeyd edib. Bildirib ki, bu gəlinciklər əsasən yapon ailələrində saxlanılır və nümayəndə heyəti qəzetdə elan yerləşdirərək yerli sakinlərdən Azərbaycana aparmaq üçün həmin gəlincikləri hədiyyə olaraq təqdim etmələrini xahiş edib. Bundan sonra təşkilata çoxsaylı zənglər edən yerli sakinlər məhz onların gəlinciyini İsmayıllıya hədiyyə kimi aparmağı xahiş ediblər.
Səfərin İto ilə İsmayıllı arasında əlaqələrin inkişafına yaxşı təsir göstərəcəyini qeyd edən K.İşida onun həm də yapon və Azərbaycan xalqlarının dostluq münasibətlərinin daha da möhkəmlənməsində müsbət rol oynayacağına əminliyini bildirib.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ito_Simbun_qezeti_Ito_seherinin_numayendelerinin_Azerbaycana_gozlenilen_seferi_barede_yazir-825406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR