Samux, 17 yanvar, AzərTAc
Samuxdakı Heydər Əliyev Mərkəzi rayon təhsil idarəsi ilə birgə “20 Yanvar-müstəqilliyimizin şəhidlik zirvəsi” mövzusunda tədbir keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadənin faciə ilə bağlı məruzəsi dinlənilib və mərasim iştirakçıları ürək sözlərini söyləyiblər.
Qeyd edilib ki, təpədən dırnağadək silahlanmış sovet ordusunun qoşun bölmələri ağır hərbi texnikadan və ən müasir silahlardan istifadə etməklə Bakıya daxil olması və qırğın törətməsi təkcə bir xalqa deyil, bütün bəşəriyyətə meydan oxumaq idi. O ağır günlərdə Azərbaycan xalqı müdriklik göstərərək ölümün gözünə dik baxdı və qəhrəman övladlarını layiq olduqları təntənə ilə son mənzilə yola saldı.
Tədbirdə o da vurğulanıb ki, yanvarın 21-də ulu öndər Heydər Əliyevin böyük təzyiqlər altında olmasına baxmayaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək sovet rəhbərliyinə etirazını bildirməsi xalqımıza təskinlik verdi.
Mərasim Samux rayonunun ümumtəhsil məktəbləri şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.