"Ulduzlu gecə" ilk mükafatını alıb

"Ulduzlu gecə" ilk mükafatını alıb
09:22 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Heydər Əliyev Sarayında “Bakı gecələri-2014” estrada mahnı festivalının qala-konserti keçirilib.

Trend-in verdiyi məlumata görə, festival-konsertdə müğənni Yaşar Cəlilov "Ulduzlu gecə" mahnısına görə diplomla mükafatlandırılıb. Bu, həm də bu ilin ən uğurlu kompozisiyalarından olan "Ulduzlu gecə"nin ilk mükafatıdır. Mahnıya tanınmış rəqqas Etibar Məmmədov rəqs quruluşu verib. O, həmkarı "Aypara" rəqs qrupunun solisti Aysel Əliyeva ilə "Ulduzlu gecə" rəqsini ifa edib.

Xatırladaq ki, "Ulduzlu gecə" mahnısının sözləri Baba Vəziroğlu, musiqisi Kamala məxsusdur.

“Bakı gecələri-2014” estrada mahnı festivalının qala-konsertində Xalq artisti Flora Kərimova başda olmaqla, Elza Seyidcahan, Günay İbrahimli, Elçin Cəfərov, Emil Bədəlov, İzzət Bağırov, Əbdül Xalid, Elvin Abdullayev kimi sevilən müğənnilər çıxış edib və diplomla mükafatlandırılıblar.

Konsert Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Artıq 4-cü dəfədir keçirilən festival iki ildən bir reallaşır. “Bakı Gecələri” estrada mahnı festivalının keçirilməsində məqsəd Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.

Festivalın qala–konsertində 2013-2014-cü illər ərzində yazılan, dinləyicilər tərəfindən sevilərək hitə çevrilən və festivalın Təşkilat Komitəsi tərəfindən seçilərək proqrama daxil edilən mahnılar ifa edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2347406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR