Gəncə. Azər Məmmədli - APA. Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin “Dəyirman dairəsi” adlanan ərazisində baş verib.
Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Məsimov Ayxan Vidadi oğlunun idarə etdiyi “Volkswagen Touareg” markalı avtomobillə şəhər sakini, 1982-ci il təvəllüdlü Orucov Bəxtiyar Əbülfəz oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”-də olan sərnişinlər Tural Oruclu və Nemət İsgəndərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.