Tərtərli gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar

Tərtərli gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar
15:13 17 Yanvar 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 17 yanvar, Tahir Ağaməmmədov, AzərTAc
Cəbhə xəttində yerləşən Tərtərdə çağırışçı gənclərin həqiqi hərbi xidmətə təntənəli surətdə yola salınması artıq ənənə halını alıb.
AzərTAc xəbər verir ki, Tərtər şəhərindəki Bayraq Meydanında gənclərin hərbi xidmətə yola salınması münasibətilə növbəti mərasim keçirilib.
Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Mərasimdə çıxış edən ictimaiyyətin nümayəndələri, ağsaqqallar, Böyük Vətən və Qarabağ müharibələrinin veteranları, valideynlər gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək, sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, onlara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Mərasimdə tərtərlilərin Qarabağ müharibəsi zamanı şücaətindən, Tərtər rayonundan olan Milli qəhrəmanlar Vəzir Orucovun, Elman Hüseynovun, “Azərbaycan Bayrağı” ordenli Ədalət Paşayevin, həmçinin Mübariz İbrahimovun və Fərid Əhmədovun igidliklərindən danışılıb, onların döyüş yolunun hər bir gənc üçün örnək olduğu bildirilib.
Çağırışçılar Azərbaycan Ordusuna, Vətənə xidmət etməyə yola düşmələrindən qürur duyduqlarını söyləyərək, ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.
Mərasimdə rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı nümayiş olunub.
Gənclər üçrəngli bayrağımıza ehtiramlarını bildirərək, yüksək əhval-ruhiyyə ilə hərbi hissələrə yola düşüblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterli_gencler_herbi_xidmete_yuksek_ehval_ruhiyye_ile_yollanirlar-825504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR