Səfir Vaqif Sadıqov Azərbaycan-Malta əlaqələrinin inkişaf perspektivlərindən danışıb

Səfir Vaqif Sadıqov Azərbaycan-Malta əlaqələrinin inkişaf perspektivlərindən danışıb
16:58 17 Yanvar 2015
211 Ölkə
Ölkə mətbuatı
A- A+


Valletta, 17 yanvar, AzərTAc
“Times of Malta” qəzetinin saytında Azərbaycanın İtaliyada, eyni zamanda Malta və San-Marinodakı səfiri Vaqif Sadıqovun müsahibəsi yerləşdirilib. Qeyd olunur ki, son zamanlar Azərbaycan-Malta münasibətləri yerli mətbuatın diqqət mərkəzindədir. Bu müsbət haldır, çünki bu, Malta ictimaiyyətinin yeni tərəfdaş ölkələrlə əlaqələrin inkişafında maraqlı olduğunun göstəricisidir. Digər tərəfdən, bu maraq, əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanları olan Azərbaycan kimi bir ölkə haqqında Maltada daha çox məlumata ehtiyac duyulduğuna işarə edir.
Səfir müsahibəsində əsasən Azərbaycanın xarici siyasət prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Malta ilə əlaqələr, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və digər məsələlərə toxunub. O deyib: “Azərbaycanda milli maraqların, siyasi, iqtisadi, sosial sahədə əldə olunan nailiyyətlərin sütununu təşkil edən müstəqil, fəal və çevik xarici siyasət yeridilir. İkitərəfli və çoxtərəfli münasibətlərimiz beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, beynəlxalq öhdəliklərə uyğun şəkildə qurduğumuz xarici siyasətin tərkib hissəsidir. Azərbaycan digər dövlətlərlə strateji əməkdaşlıq əlaqələrini yaxşı qonşuluq münasibətləri prinsipi ilə, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq anlayışları çərçivəsində qurur. Coğrafi, tarixi, geosiyasi amillərlə əlaqədar olaraq Azərbaycanın xarici siyasəti təkcə bir regionla məhdudlaşmayaraq Cənubi Qafqazla yanaşı, Xəzər regionu, Cənub-Şərqi Avropa, Mərkəzi Asiya, İslam dünyası, post-sovet və Avro-Atlantika məkanını da əhatə edir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, bir çox ölkələr Azərbaycanla sıx əməkdaşlıq etmək arzusundadırlar”.
V.Sadıqov diqqətə çatdırıb ki, Azərbaycan üçün ən mühüm məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Azərbaycanın suverenliyinin kobud şəkildə pozulmasına beynəlxalq birliyin biganə münasibəti 1990-cı illərdən sonra Gürcüstan, Moldova, bu gün isə Ukraynada da oxşar vəziyyətlər ilə nəticələnib”. Səfir Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasının, Ermənistanın təcavüzünün qarşısının alınmasının, iqtisadi maraqlarımızın, enerji və nəqliyyat strategiyamızın təşviq edilməsinin, Azərbaycanla bağlı həqiqi məlumatların dünyaya çatdırılmasının və xarici ölkələrdəki Azərbaycan diasporu ilə əlaqələrin ölkəmizin əsas xarici siyasət prioritetlərindən olduğunu deyərək davam edib: “Bu baxımdan Azərbaycan Malta ilə münasibətlərin gücləndirilməsində də maraqlıdır. Bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, maliyyə, enerji, mədəniyyət, təhsil, turizm kimi sektorlarda gələcək əməkdaşlıq üçün yaxşı imkanlar var”.
Avropa İttifaqı (Aİ) ilə əlaqələrdən danışan V.Sadıqov bu münasibətləri hər iki tərəfin qarşılıqlı faydalana biləcəyi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyin vacibliyini vurğulayıb: “Maltanın Baş naziri Cosef Muskatın ötən ilin sonunda Azərbaycana baş tutmuş səfəri önəmli bir hadisə idi. Baş nazirin Prezident İlham Əliyevlə və azərbaycanlı həmkarı ilə görüşü ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və gələcək perspektivlərini, habelə hər iki ölkəni maraqlandıran beynəlxalq məsələləri müzakirə etmək baxımından vacib idi. Səfər çərçivəsində imzalanan sənədlər gələcək əməkdaşlığımıza cığır açdı”.
Səfir vurğulayıb ki, Azərbaycan Aİ üçün siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə önəmli tərəfdaşa çevrilməkdədir və ölkəmizin təşəbbüsü ilə gerçəkləşən layihələr Malta da daxil olmaqla bütün Avropa üçün faydalı olacaq. Bu baxımdan TANAP və TAP layihələrini xüsusi vurğulamaq lazımdır. 2019-cu ilədək başa çatdırılması nəzərdə tutulan bu layihələr Avropanın enerji mənzərəsini dəyişdirəcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyətindən danışan V.Sadıqov qurumun Maltada həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib. Bildirib ki, Enemalta Korporasiyasını 18 il müddətində elektrik enerjisi və maye qazla təchiz edəcək yeni elektrik stansiyasının tikilməsi layihəsində ARDNŞ-ın payçı şirkətlərdən biri olması bu baxımdan önəmli amildir: “ARDNŞ neft və qaz sənayesi üzrə müxtəlif layihələrin reallaşmasında maraqlı tərəfdir. Bir çox ölkələrdə fəaliyyətini genişləndirən qurumun inkişaf strategiyasında Maltada həyata keçirilməsi nəzərdə tutulan layihələr də önəmli yerdədir”.
Maqsud Dadaşov
AzərTA-cın xüsusi müxbiri
Valletta

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sefir_Vaqif_Sadiqov_Azerbaycan_Malta_elaqelerinin_inkisaf_perspektivlerinden_danisib-825532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR