Müsəlmanların söz azadlığı adı altında təhqir olunmaları yolverilməzdir

Müsəlmanların söz azadlığı adı altında təhqir olunmaları yolverilməzdir
19:18 17 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 17 yanvar, AzərTAc
Müsəlmanlar, eləcə də digər dini icmaların üzvləri söz azadlığı adı altında heç bir halda təhqir oluna bilməzlər. Bu, yolverilməzdir.
AzərTAc xəbər verir ki, belə bir bəyanatla Gürcüstan Patriarxı II İlya çıxış edib.
Gürcüstan Patriarxının mətbuat xidmətinin rəhbəri David Şaraşenidze bildirib ki, Avropa İnsan Haqları Konvensiyasında söz azadlığı mütləq deyil və digər dəyərləri qorumaq üçün qanunla nəzərdə tutulmuş müəyyən hallarda bu azadlıq məhdudlaşdırıla bilər. Konvensiyada buna görə məsuliyyət nəzərdə tutulub.
Avropa İttifaqına üzv ölkələrdə də açıq və kobud şəkildə dini hissələrin təhqirinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Hətta etnik və dini qarşıdurma və düşmənçilik yaratmağa görə daha ciddi cəzalar nəzərdə tutulur.
Gürcüstan Patriarxı son dövrlər baş verənləri və xüsusən də müsəlmanların hisslərinə toxunan materialların yenidən və daha çox tirajla nəşr olunmasını pisləyir və bəyan edir ki, motivlərindən asılı olmayaraq belə hallara haqq qazandırmaq olmaz. Bu, təkcə hər hansı dövlət üçün deyil, bütöv bir region və hətta dünya üçün təhlükədir. Bunu hamı yaxşı dərk etməlidir. Hər bir dövlət beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını qorumağa borcludur.
Bəyanatda daha sonra deyilir ki, xristian dini dostluq və qardaşlıq dinidir. Gürcüstanda bütün dini icmalar və etnik qruplar bərabərhüquqludurlar və sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayırlar.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muselmanlarin_soz_azadligi_adi_altinda_tehqir_olunmalari_yolverilmezdir-825575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR