Özbəkistanda “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib

19:48 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Daşkənd, 17 yanvar, AzərTAc
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin xanımları üçün “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına AMM-nin təşəbbüsü ilə keçirilən tədbirdə 40-dan çox ölkənin səfirlərinin xanımları iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin xanımı Gülzar Quliyeva ölkəmizin mədəniyyəti haqqında məlumat verib, son illər əldə edilən nailiyyətlər barədə danışıb. O, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həm Azərbaycanda, həm də digər ölkələrdə gördüyü işlər haqqında söhbət açıb.
Qonaqlara AMM tərəfindən hazırlanan konsert proqram da təqdim edilib. Konsertdə Daşkənddə yaşayan soydaşlarımız, Özbəkistan Dövlət Konservatoriyasının professorları Nərgiz və Ramidə Poladxanova bacıları, habelə konservatoriyanın tələbələri fortepianoda Azərbaycan mahnılarını və klassik bəstəkarların əsərlərini ifa ediblər.
Sonra qonaqlara ziyafət verilib. Onlara Azərbaycan milli yeməkləri-plov, dolma, ləvəngi və şirniyyatlarımız təklif olunub.
Qonaqlar Azərbaycan mədəniyyətini və milli kulinariyasını yüksək qiymətləndiriblər.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistanda_Azerbaycani_taniyaq_adli_tedbir_kechirilib-825581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR